Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR...

Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR...
14:35

Sovet İttifaqının dağılmasından sonra Rusiyanın Cənubi Qafqazda saxladığı əsas hərbi dayaqlardan biri bu gün də Ermənistanın Gümrü şəhərində yerləşir. 102-ci Rusiya hərbi bazası artıq 30 ildən çoxdur ki, regionun hərbi-siyasi mənzərəsinin əsas elementlərindən biridir.

News365.az saytı son günlərin əsas müzakirə mövzusu olan 102-ci Rusiya hərbi bazası barədə yazını təqdim edir.

Gümrüdəki 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı hərbi varlığı baxımından Moskva üçün xüsusi əhəmiyyət daşıyır. Rusiya onun Ermənistanda qalmasında maraqlıdır: bazanın NATO üzvü olan Türkiyə ilə sərhədə yaxın yerləşməsi isə Rusiya üçün ayrıca önəm daşıyır.

Maraqlıdır ki, Ermənistanın son illərdə Rusiya ilə münasibətlərində ciddi problemlər yaranmasına, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşilatında (KTMT) iştirakını faktiki dondurmasına və Qərblə hərbi-siyasi əməkdaşlığını genişləndirməsinə baxmayaraq, 102-ci baza hələ də fəaliyyət göstərir.

Üstəlik, onun hüquqi fəaliyyət müddəti 2044-cü ilə qədər uzadılıb.

Bəs bu baza Ermənistanda necə yerləşdirilib və Moskva niyə Gümrüdə hərbi qüvvə saxlamaqda maraqlıdır?

Sovet ordusundan miras qalan hərbi hissə

102-ci hərbi baza 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən rəsmiləşdkirilib. Amma onun tarixini 1995-ci ildən hesablamaq tam doğru olmazdı.

Sovet dövründə indiki Gümrü – o vaxtkı Leninakan – ərazisində SSRİ-nin böyük hərbi birləşmələri yerləşirdi. SSRİ dağılandıqdan sonra Rusiyanın Ermənistanda qalan hərbi kontingentinin əsas hissəsi bu hərbi infrastrukturun bazasında formalaşdırıldı.

Beləliklə, Gümrüdəki sovet 127-ci motoatıcı diviziyası 1994-cü ildə Rusiyanın 102-ci hərbi bazasına çevrildi.

Lakin bazanın hüquqi statusu bir qədər sonra rəsmiləşdirildi.

16 mart 1995-ci ildə Moskva ilə İrəvan arasında Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi haqqında müqavilə imzalandı. Sənəd Rusiya və Ermənistanın təhlükəsizlik sahəsində əməkdaşlığının əsas hüquqi əsaslarından birinə çevrildi. Müqavilə 1997-ci ildə qüvvəyə mindi.

Sazişin məntiqi aydın idi: Rusiya Ermənistanda hərbi qüvvə saxlayır, bunun müqabilində isə Moskva Ermənistanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

O vaxtlar bu, Ermənistan üçün xüsusilə vacib məsələ idi.

Çünki həmin dövrdə Ermənistan Azərbaycanla müharibədən çıxmışdı, Türkiyə ilə sərhəd bağlı idi və regionda təhlükəsizlik sistemi hələ formalaşma mərhələsində idi.


Niyə məhz Gümrü?

Bu suala cavab vermək üçün xəritəyə baxmaq kifayətdir.

Gümrü şəhəri Ermənistanın Türkiyə ilə sərhədinə çox yaxın yerləşir.

Bu isə bazaya sırf Ermənistan daxilindəki hərbi obyekt deyil, Cənubi Qafqazın geosiyasi xəritəsində strateji mövqedə yerləşən Rusiya hərbi dayağı statusu verir.

Rusiya üçün Gümrü bir neçə baxımdan əhəmiyyətlidir:

- Türkiyə sərhədinə yaxınlıq;
- Cənubi Qafqazda hərbi mövcudluğun saxlanılması;
- Ermənistanla hərbi əməkdaşlığın təmin edilməsi;
- regiondakı qüvvələr balansına təsir imkanı;
- Rusiya ordusunun Cənubi Qafqazdakı yeganə böyük daimi hərbi dayağının qorunması.

102-ci baza Rusiya üçün postsovet məkanındakı hərbi siyasətin də mühüm elementi sayılır.

İlk müqavilə 25 illik idi, sonra nə baş verdi?

Burada ən maraqlı məqamlardan biri də budur.

1995-ci il müqaviləsinə əsasən, Rusiya hərbi bazasının Ermənistanda qalma müddəti ilkin olaraq 25 il müəyyən edilmişdi.

Yəni həmin razılaşmaya görə, baza 2020-ci ildə Ermənistandan çıxmalı idi.

Amma 2010-cu ildə vəziyyət kökündən dəyişdi.

20 avqust 2010-cu il tarixində Ermənistan və Rusiya müqaviləyə 5 saylı protokolu əlavə etdilər.

Bu protokolla bazanın Ermənistanda qalma müddəti 25 ildən 49 ilə qədər artırıldı və müddət 2044-cü ilə qədər uzadıldı. Rusiya tərəfi sənədi sonradan ratifikasiya etdi və protokol 6 iyul 2011-ci ildə qüvvəyə mindi.

Beləliklə, 2020-ci ildə başa çatmalı olan Rusiya hərbi mövcudluğu daha 24 il uzadılmış oldu.

2010-cu il protokolu bazanın missiyasını da müəyyən mənada genişləndirdi.

1995-ci il müqaviləsində baza əsasən, Rusiyanın maraqlarının müdafiəsi və keçmiş SSRİ-nin xarici sərhədləri boyunca təhlükəsizlik məsələləri ilə əlaqələndirilirdi.

2010-cu ildə isə sənədə mühüm dəyişiklik edildi.

Yeni formulaya görə, Rusiya bazası Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin etməli idi.

Yəni Moskvanın hərbi iştirakı hüquqi baxımdan daha açıq şəkildə Ermənistanın təhlükəsizlik sisteminin bir hissəsinə çevrildi.

Bunun qarşılığında Rusiya Ermənistanın silahlı qüvvələrinin müasir silah və hərbi texnika ilə təmin edilməsinə də yardım göstərməyi öhdəsinə götürdü.

Rusiya tərəfinin həmin dövrdə verdiyi açıqlamalarda bazanın Ermənistanda qalmasının əsas məqsədlərindən biri regional sabitliyin qorunması və iki ölkənin təhlükəsizliyinin təmin edilməsi kimi göstərilirdi.

2010-cu il dəyişikliklərinə görə, bazanın fəaliyyəti 2044-cü ildən sonra da avtomatik şəkildə uzadıla bilər.

Deməli, “baza 2044-cü ildə mütləq bağlanacaq” demək də tam doğru deyil.


102-ci baza nə qədər güclüdür?

Müxtəlif illərdə bazanın şəxsi heyəti və silahlanması ilə bağlı fərqli rəqəmlər açıqlanıb. Müxtəlif mənbələrdə 3-5 min civarında hərbçi göstərilir. Rusiya özü dəqiq operativ göstəriciləri mütəmadi açıqlamır.

Məsələn, Rusiya parlamentinin 2011-ci ildə yaydığı məlumatda bazada təxminən 3,5 min hərbçinin olduğu və üç motoatıcı polk, artilleriya polku və ayrıca tank batalyonunun mövcudluğu qeyd edilirdi.

Digər mənbələr isə ümumi kontingentin təxminən 5 min nəfərə çata bildiyini bildirir.

Bazanın hərbi imkanlarına müxtəlif dövrlərdə tanklar, piyadaların döyüş maşınları, zirehli texnika, artilleriya sistemləri, hava hücumundan müdafiə vasitələri daxil olub.

Rusiya hərbi aviasiyasının Ermənistandakı imkanları isə Gümrü ilə yanaşı, İrəvan yaxınlığındakı Erebuni aerodromunda yerləşir.

Burada MiQ-29 qırıcıları, Mi-24 hücum və Mi-8 nəqliyyat helikopterləri yerləşdirilib.

Bu baxımdan 102-ci bazanı yalnız Gümrüdəki kazarma və texnikadan ibarət obyekt kimi təsəvvür etmək düzgün deyil.

Bu, Ermənistan ərazisində Rusiya hərbi imkanlarının daha geniş sisteminin bir hissəsidir.

Rusiya üçün Gümrünün əsas üstünlüyü nədir?

Ən vacib məsələ coğrafiyadır.

Rusiya ilə Ermənistanın ümumi quru sərhədi yoxdur.

Bu səbəbdən Ermənistandakı Rusiya hərbi kontingentinin logistika məsələsi həmişə mürəkkəb olub.

Lakin buna baxmayaraq, Moskva Gümrüdə hərbi baza saxlayaraq Cənubi Qafqazda daimi hərbi mövcudluğunu qoruyur.

Gümrü Rusiyanın regiondakı hərbi-siyasi çəkisini artıran əsas amillərdən biridir.

Avropada Rusiya ilə NATO arasında qarşıdurmanın artdığı bir dövrdə isə Türkiyə amili daha da ön plana çıxır.

Çünki Türkiyə NATO üzvüdür.

Beləliklə, Gümrüdəki Rusiya bazası faktiki olaraq NATO üzvü Türkiyənin sərhədinin yaxınlığında yerləşən Rusiya hərbi obyektidir.

Ermənistan üçün baza: təhlükəsizlik zəmanəti, yoxsa asılılıq?

Uzun illər Ermənistan siyasi elitasının böyük hissəsi Rusiyanın hərbi mövcudluğunu ölkənin təhlükəsizliyinin əsas təminatlarından biri kimi qiymətləndirirdi.

1990-cı illərdən başlayaraq Ermənistanın təhlükəsizlik sistemi Rusiya ilə hərbi əməkdaşlıq, KTMT üzvlüyü və Rusiya ilə ikitərəfli müdafiə mexanizmləri üzərində qurulmuşdu.

Lakin 2020-ci il baş verən II Qarabağ müharibəsindən sonra Ermənistanda Rusiyanın təhlükəsizlik təminatlarına münasibət ciddi şəkildə dəyişdi.

Xüsusilə 2020-ci il müharibəsindən sonra İrəvanda belə sual daha çox səslənməyə başladı:

Əgər Rusiya Ermənistanın təhlükəsizliyinin əsas təminatçısıdırsa, onda 2020-ci ildəki 44 günlük müharibə zamanı Moskvanın rolu niyə kifayət etmədi?

Bu sual Ermənistan cəmiyyətində Rusiyaya münasibətin dəyişməsinin əsas səbəblərindən birinə çevrildi.


Paşinyan hakimiyyəti ehtiyatlı mövqe tutur

Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə münasibətlər əvvəlki illərlə müqayisədə kəskin şəkildə dəyişib.

İrəvan KTMT-də iştirakını faktiki dondurub, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirib və Ermənistanın təhlükəsizlik siyasətini şaxələndirməyə başlayıb.

Bununla belə, 102-ci baza məsələsində İrəvanın mövqeyi daha ehtiyatlıdır.

Çünki 2010-cu il müqaviləsi bazanın fəaliyyətini 2044-cü ilə qədər hüquqi cəhətdən təmin edir.

Bundan başqa, Rusiya hərbi bazasının çıxarılması təkcə bir hərbi obyektin bağlanması demək deyil. Bu, Ermənistanın təhlükəsizlik sisteminin yenidən qurulması demək olardı.

Son illərdə Ermənistanda maraqlı proses baş verib.

Rəsmi İrəvan Rusiya sərhədçilərinin ölkədəki fəaliyyətini mərhələli şəkildə azaltmağa başlayıb.

2024-cü ildə Rusiya sərhədçiləri Zvartnots hava limanından çıxarılıb.

Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrindən və sonrakı mərhələdə Ermənistanın Türkiyə və İran sərhədindəki bəzi keçid məntəqələrindən çəkilməsi də baş verib.

Amma 102-ci baza qalır.

Bu fakt özü çox şey deyir.

Yəni Ermənistan Rusiyanın təhlükəsizlik sistemindəki rolunu azaltmağa çalışsa da, Moskvanın ölkədəki ən böyük hərbi dayağı hələ də Gümrüdədir.

102-ci baza baza - Azərbaycan və Türkiyə

102-ci bazanın Azərbaycana münasibətdə Ermənistan üçün əhəmiyyətinə tə toxunmaq yerinə düşər.

Ermənistanın hərbi-siyasi sistemində Rusiyanın mövcudluğu regiondakı qüvvələr balansına təsir edirdi.

2020-ci ildən sonra Azərbaycanın hərbi üstünlüyünün artması, 2023-cü ildə Qarabağda separatçı rejimin süqutu və Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması 102-ci bazanın əvvəlki strateji funksiyalarını da müəyyən mənada dəyişib.

Əvvəllər Ermənistanın təhlükəsizlik arxitekturasında Rusiya faktoru əsasən Azərbaycanla qarşıdurma kontekstində nəzərdən keçirilirdisə, indi regionda sülh prosesi, Ermənistanın Türkiyə ilə münasibətləri və Qərblə yaxınlaşması ön plana çıxır.

Gümrü Türkiyə sərhədinə çox yaxındır. Bu səbəbdən 102-ci baza Ankara üçün də diqqətəlayiq hərbi-siyasi faktordur. Bir tərəfdən Türkiyə NATO üzvüdür. Digər tərəfdən isə NATO-nun şərq cinahında yerləşən ölkələrdən birinin sərhədinin yaxınlığında Rusiya hərbi bazası fəaliyyət göstərir.

Beləliklə, Gümrüdəki baza Cənubi Qafqazda Rusiya–NATO qarşıdurmasının mümkün geosiyasi xəttlərindən birinin üzərində yerləşir.

102-ci bazadan danışanda İranı da unutmaq olmaz.

Ermənistanın cənubunda İran yerləşir və Moskvanın Cənubi Qafqazdakı hərbi mövcudluğu İranla bağlı regional proseslər baxımından da əhəmiyyətlidir.

Baza regionda gərginliyi artırır?

Rusiyanın mövqeyinə görə, baza Ermənistanın təhlükəsizliyini təmin edir və regionda strateji sabitliyə xidmət edir.

1995-ci il müqaviləsinin özündə də bazanın Ermənistan ərazisində yerləşdirilməsinin məqsədlərindən biri regionda sülh və sabitliyin qorunması kimi göstərilir.

Amma digər yanaşmaya görə, xarici dövlətin Cənubi Qafqazda daimi hərbi bazasının olması Moskvanın regiondakı təsir imkanlarını qoruyur və Ermənistanın müstəqil təhlükəsizlik siyasətini məhdudlaşdıra bilər.

Bu baxış xüsusilə Ermənistanın son illərdə Rusiyadan uzaqlaşması fonunda güclənib.

Beləliklə, eyni baza bir tərəf üçün “təhlükəsizlik zəmanəti”, digər tərəf üçün isə “geosiyasi asılılıq aləti” kimi görünə bilər.

Rusiya bazanı niyə bu qədər uzun müddətə saxladı?

Burada daha geniş geosiyasi mənzərəyə baxmaq lazımdır.

2010-cu ildə Rusiya Gürcüstandakı hərbi bazalarını artıq itirmişdi.

Azərbaycan ərazisində Qəbələ radiolokasiya stansiyası məsələsi isə başqa xarakter daşıyırdı.

Belə vəziyyətdə Ermənistan Rusiyanın Cənubi Qafqazda qalan əsas hərbi dayağına çevrilmişdi.

Məhz buna görə 102-ci bazanın 2044-cü ilə qədər uzadılması Moskvanın regiondakı strateji mövqeyinin qorunması baxımından ciddi əhəmiyyət daşıyırdı.

Həmin dövrdə aparılan təhlillərdə də 2010-cu il uzadılmasının Rusiyanın Cənubi Qafqazdakı mövqeyini gücləndirdiyi qeyd olunurdu.

Moskva 2010-cu ildə hərbi bazanın müqaviləsini uzatmaqla özünün Cənubi Qafqazda uzunmüddətli hərbi iştirakını hüquqi baxımdan təmin etdi.

102-ci baza nə vaxt bağlana bilər?

Hüquqi baxımdan ən mühüm tarix 2044-cü ildir.

Lakin bu, avtomatik olaraq həmin il bazanın bağlanacağı anlamına gəlmir.

Müqavilənin şərtlərinə əsasən, tərəflərdən biri vaxtında müqaviləyə xitam vermək barədə bildiriş göndərməsə, sənəd sonrakı beşillik dövrlərə uzadıla bilər.

Ona görə də 102-ci bazanın gələcəyi əslində üç əsas amildən asılı olacaq:

1. Ermənistanın gələcək təhlükəsizlik doktrinasından;
2. Rusiya–Ermənistan münasibətlərinin hansı istiqamətdə inkişaf etməsindən;
3. Cənubi Qafqazda Azərbaycan–Ermənistan və Ermənistan–Türkiyə münasibətlərinin necə formalaşmasından.

İndi isə Ermənistan Rusiyadan uzaqlaşmağa çalışdığı bir vaxtda həmin baza qarşısında tamam başqa sual dayanır: İrəvan yeni təhlükəsizlik sistemi qurarkən Gümrüdəki Rusiya hərbi bazası bu sistemə necə uyğunlaşacaq?

Bu sualın cavabı yalnız Ermənistan–Rusiya münasibətlərini deyil, Azərbaycan, Türkiyə, İran və bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirə bilər.


Sizin reklam burada
Sizin reklam burada