Əsrlərin sınağından keçən milli qürurumuz

Əsrlərin sınağından keçən milli qürurumuz
15:26

Azərbaycanda hər il 1 Avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün yalnız əlifbamızın və dilimizin bayramı deyil, həm də milli kimliyimizin, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzlərindən biridir. Bu tarix hər bir Azərbaycan vətəndaşına ana dilinin qorunmasının və inkişaf etdirilməsinin vacibliyini bir daha xatırladır.

Dil hər bir xalqın tarixi yaddaşı, milli kimliyi və mənəvi varlığının əsas sütunudur. Xalqın keçdiyi tarixi yol, yaratdığı mədəniyyət, adət-ənənələri və düşüncə tərzi məhz ana dilində yaşayır və gələcək nəsillərə ötürülür. Azərbaycan dili də minilliklər boyu formalaşmış zəngin tarixi, geniş ifadə imkanları və bənzərsiz ahəngi ilə xalqımızın ən qiymətli milli sərvətlərindən biridir.

Azərbaycan dili müxtəlif tarixi dövrlərdə çətin sınaqlardan keçib. Müxtəlif imperiyaların tərkibində yaşadığımız dövrlərdə ana dilimizin dövlət dili kimi fəaliyyəti məhdudlaşdırılıb, onun inkişafı qarşısında müxtəlif maneələr yaradılıb. Buna baxmayaraq xalqımız öz dilini qoruyub saxlayaraq bu günə çatdırmağı bacarıb.

Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi və inkişafı isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublikaya rəhbərliyə gəldikdən sonra milli-mənəvi dəyərlərin qorunmasını prioritet istiqamətlərdən biri elan edən Heydər Əliyev Azərbaycan dilinin cəmiyyətdə nüfuzunun artırılması üçün ardıcıl siyasət həyata keçirdi.

1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi həmin dövr üçün böyük siyasi cəsarət nümunəsi idi. Sovet ideologiyasının hökm sürdüyü bir zamanda dövlət rəhbərinin ana dilində çıxış etməsi milli özünüdərkin güclənməsinə ciddi təkan verdi.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Sonrakı illərdə ümummilli liderin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Sərəncam, eləcə də "Azərbaycan Respublikasının dövlət dili haqqında" Qanun ölkəmizdə müasir dil siyasətinin hüquqi əsaslarını formalaşdırdı.

Heydər Əliyev ana dilinin xalqın mövcudluğu üçün əhəmiyyətini belə ifadə edirdi:

"Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur."

Bu fikirlər bu gün də Azərbaycan dilinin inkişaf strategiyasının əsas ideoloji dayaqlarından biri kimi öz aktuallığını qoruyur.

Azərbaycan dilinin inkişafı və saflığının qorunması Prezident İlham Əliyevin də daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Dövlət başçısı çıxışlarının birində vurğulayıb ki, on il əvvəl də bu mövzuda narahatlığını ifadə edib və ötən müddətdə mühüm addımlar atılsa da, görüləcək işlər hələ də kifayət qədərdir.

Prezident bildirib ki, bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Lakin təmiz, saf və ədəbi Azərbaycan dilinin əsas qoruyucusu məhz müstəqil Azərbaycan dövlətidir.

İlham Əliyev qeyd edib ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında bəzən ədəbi dil zəifləyir, gündəlik danışıq dili xarici sözlərin təsiri altına düşür. Onun fikrincə, Azərbaycan dilində qarşılığı olduğu halda xarici sözlərin lüzumsuz şəkildə işlədilməsi qəbulolunmazdır.

Prezident bu məsələyə çox sərt münasibət bildirərək vurğulayıb:

"Əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir."

Dövlət başçısı hesab edir ki, Azərbaycan dilinin saflığının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Alimlər, dilçilər, yazıçılar, müəllimlər, jurnalistlər, siyasətçilər və bütün vətəndaşlar bu istiqamətdə eyni məqsəd uğrunda çalışmalıdırlar.

Dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil milli düşüncədir, tarixdir, mədəniyyətdir, yaddaşdır. Xalqın kimliyi məhz dili vasitəsilə formalaşır.

Qloballaşmanın sürətləndiyi müasir dövrdə müxtəlif dillərin qarşılıqlı təsiri qaçılmazdır. Beynəlxalq terminlərdən istifadə müəyyən sahələrdə zəruri hesab olunsa da, Azərbaycan dilində mövcud olan sözləri xarici ifadələrlə əvəz etmək dilin təbii inkişafına deyil, onun zəifləməsinə xidmət edir.

Bu baxımdan xüsusilə televiziya, radio, internet media və sosial şəbəkələrin üzərinə böyük məsuliyyət düşür. Kütləvi informasiya vasitələri cəmiyyət üçün dil nümunəsi rolunu oynadığından burada işlədilən hər bir sözün seçimi mühüm əhəmiyyət daşıyır.

Müasir dövrdə xarici dillərin öyrənilməsi vacibdir. İngilis, alman, fransız, türk, rus və digər dilləri bilmək həm təhsil, həm də peşəkar inkişaf baxımından mühüm üstünlüklər yaradır.
Lakin Heydər Əliyevin də tövsiyə etdiyi kimi, hər bir gənc ilk növbədə öz ana dilini mükəmməl bilməlidir. Xarici dilləri öyrənmək ana dilinə münasibəti zəiflətməməli, əksinə, onun imkanlarını daha dərindən dərk etməyə xidmət etməlidir.

Azərbaycan dilinin zəngin lüğət tərkibi, ifadə imkanları və ədəbi ənənələri bu dili dünyanın ən inkişaf etmiş dilləri sırasında layiqincə təmsil etməyə imkan verir.

Azərbaycan dili yüzilliklər boyu xalqımızın milli varlığını yaşadıb, onu müxtəlif tarixi sınaqlardan çıxarıb. Bu gün müstəqil Azərbaycanın dövlət dili kimi onun daha da inkişaf etdirilməsi, saflığının qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsi hər birimizin vətəndaşlıq borcudur.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün hər birimizi ana dilimizə daha böyük sevgi ilə yanaşmağa, onu düzgün işlətməyə, yad təsirlərdən qorumağa və gələcək nəsillərə saf şəkildə ötürməyə çağıran mühüm milli dəyərdir.

Azərbaycan dili bizim milli sərvətimiz, dövlətçiliyimizin dayağı və milli kimliyimizin ən mühüm rəmzidir. Bu dili qorumaq isə keçmişimizə ehtiramın, bu günümüzə məsuliyyətin və gələcəyimizə inamın ifadəsidir.


Sizin reklam burada
Sizin reklam burada