Ermənistan üçün geri dönüş yoxdur, sülh prosesini davam etdirmək zəruridir

Ermənistan üçün geri dönüş yoxdur, sülh prosesini davam etdirmək zəruridir
11:28

Azərbaycan-Ermənistan münasibətlərində postmünaqişə dövründə yaranan yeni reallıqlar və sülh gündəliyinin gələcək perspektivləri regionda əsas müzakirə mövzularından biri olaraq qalır. Tərəflər arasında aparılan danışıqlar, irəli sürülən təkliflər və daxili siyasi proseslər bu istiqamətdə atılacaq addımların xarakterini müəyyənləşdirir.

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfiqar öz fikirlərini bölüşüb.

O, News365.az-a açıqlamasında bildirib ki, mövcud mərhələdə Azərbaycan bu proseslərə ciddi yanaşır və münasibətlərin normallaşdırılması istiqamətində addımların davam etdirilməsində maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında uzun illərə söykənən qarşıdurma fonunda hazırkı mərhələ xüsusi əhəmiyyət kəsb edir.

Politoloq qeyd edib ki, son təkliflərin irəli sürülməsindən təxminən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, proseslər davamlı şəkildə irəliləyir və bu, müəyyən müsbət dinamikanın göstəricisidir. O vurğulayıb ki, burada əsas iki məqam önə çıxır.

Birincisi, Ermənistanın hazırkı vəziyyəti əvvəlki dövrlərlə müqayisədə fərqlidir və prosesləri geri çevirmək artıq mümkün deyil. Ülviyyə Zülfiqarın fikrincə, əgər rəsmi İrəvan geri addım atarsa, bu, yenidən gərginliyin artmasına və əvvəlki münaqişə mühitinə qayıdışa səbəb ola bilər.

İkincisi isə, həm Ermənistan cəmiyyətində, həm də siyasi dairələrdə artıq “geri yolun olmadığı” anlayışı formalaşmaqdadır. Politoloq bildirib ki, bunu istər radikal müxalifətin, istərsə də hakimiyyət nümayəndələrinin açıqlamalarında hiss etmək mümkündür.

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yeni reallıq yaradıb və bu, artıq geri dönməyən tarixi mərhələdir. Bu baxımdan Ermənistan cəmiyyətində də suallar yaranır ki, əgər geri addım atılacaqdısa, onda əvvəlki proseslərin mənası nə idi.

Sonda Ülviyyə Zülfiqar qeyd edib ki, Ermənistan rəhbərliyi seçkilərdən sonra da bu prosesi irəli aparsa, bu həm ölkə üçün faydalı olar, həm də hakimiyyətin siyasi perspektivlərinə müsbət təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada