Ermənistan iqtisadi baxımdan hələ də Rusiyadan ciddi asılıdır

Ermənistan iqtisadi baxımdan hələ də Rusiyadan ciddi asılıdır
10:46

Ermənistanın iqtisadi və geosiyasi reallıqları ölkənin yaxın 10-15 il ərzində Avropaya tam inteqrasiyasını mümkünsüz edir.

Bu fikirləri politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında deyib.


Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsi Rusiyadan asılıdır və ixracın böyük hissəsi də məhz Rusiya bazarına yönəlib.

"Ermənistanın ixracının mühüm hissəsi Rusiya bazarına gedir. Ölkə uzun illərdir iqtisadi və siyasi baxımdan Rusiyanın orbitində fəaliyyət göstərir. Rəsmi İrəvan Avropaya inteqrasiyadan danışsa da, mövcud iqtisadi reallıq bunun tam əksini göstərir", – deyə politoloq bildirib.

O. Qasımov qeyd edib ki, Avropa İttifaqı ilə inteqrasiya təkcə siyasi bəyanatlarla mümkün deyil və bunun üçün ciddi iqtisadi islahatlar, institusional dəyişikliklər, eləcə də müstəqil iqtisadi model tələb olunur.

"Ermənistanın yaxın 10-15 il ərzində Avropaya tam inteqrasiya etməsi real görünmür. Bunun üçün ölkənin həm iqtisadi modeli, həm də xarici siyasət kursu köklü şəkildə dəyişməlidir", – o vurğulayıb.

Politoloq Azərbaycan-Ermənistan münasibətlərinə də toxunaraq bildirib ki, sərhədlərin delimitasiyası istiqamətində müəyyən irəliləyiş əldə olunub.

"Bu gün Azərbaycanla Ermənistan arasında sərhədin böyük hissəsi üzrə razılaşmalar mövcuddur. Delimitasiya və demarkasiya mürəkkəb prosesdir və dünyanın müxtəlif ölkələri arasında da illərlə davam edib. Ona görə də bu məsələyə siyasi iradə və beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaq lazımdır", – deyə o qeyd edib.

O. Qasımov əlavə edib ki, Ermənistan uzun illər iqtisadiyyatını Qarabağ münaqişəsi fonunda formalaşdırıb və bu model artıq özünü doğrultmur.

"Ermənistanın davamlı və müstəqil iqtisadi modeli yoxdur. Ölkə uzun illər həm siyasi, həm də iqtisadi baxımdan Rusiyadan ciddi asılı vəziyyətdə qalıb. Bundan çıxış yolu isə yalnız real islahatlardan və regionda dayanıqlı sülhün təmin olunmasından keçir", – politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada