İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında 2026-cı ilin may ayında ən yüksək işsizlik səviyyəsi Finlandiyada qeydə alınıb.
OECD məlumatları əsasında hazırlanan reytinqə görə, 15 yaş və yuxarı əhali üzrə mövsümi təsirlərdən təmizlənmiş işsizlik göstəricisində Finlandiya 10,8 faizlə ilk sırada qərarlaşıb. Ölkədə 25 yaşdan aşağı gənclər arasında işsizlik səviyyəsi isə 23 faizə çatıb.
Reytinqdə ikinci yeri 10,3 faiz göstərici ilə İspaniya, üçüncü yeri isə 9,2 faizlə Çili tutub. Daha sonra İsveç (8,8 faiz), Fransa (8,2 faiz), Türkiyə (8,2 faiz), Yunanıstan (8,1 faiz) və Kolumbiya (8 faiz) gəlir.
2026-cı ilin mayında OECD ölkələrində işsizlik göstəriciləri:
· Finlandiya – 10,8 faiz
· İspaniya – 10,3 faiz
· Çili – 9,2 faiz
· İsveç – 8,8 faiz
· Fransa – 8,2 faiz
· Türkiyə – 8,2 faiz
· Yunanıstan – 8,1 faiz
· Kolumbiya – 8 faiz
· Litva – 7 faiz
· Danimarka – 6,9 faiz
OECD üzrə orta işsizlik səviyyəsi 4,9 faiz təşkil edib. Bununla belə, iqtisadi artımın zəiflədiyi bəzi inkişaf etmiş ölkələrdə əmək bazarlarında fərqli vəziyyət müşahidə olunur.
Avropa ölkələri yüksək işsizlik göstəricilərinə malik dövlətlər arasında üstünlük təşkil edir. İsveç, Fransa, Türkiyə, Yunanıstan, Litva, Danimarka, Lüksemburq və Baltikyanı ölkələr OECD ortalamasından yüksək nəticə göstərib.
İspaniyada isə işsizlik uzun illərdir əmək bazarındakı struktur problemləri səbəbindən yüksək olaraq qalır.
Ən aşağı işsizlik göstəricisi isə Yaponiyada qeydə alınıb. Bu ölkədə işsizlik səviyyəsi 2,5 faiz olub. Yaponiya ilə yanaşı, Meksika (2,7 faiz), Cənubi Koreya (2,8 faiz), İsrail (2,8 faiz) və Çexiya (2,9 faiz) də aşağı göstəricilərlə seçilib.
ABŞ-da işsizlik səviyyəsi 4,2 faiz təşkil edib və bu göstərici OECD ortalamasından aşağı olub. Kanadada isə işsizlik 6,6 faiz səviyyəsində qeydə alınıb.
OECD üzrə 4,9 faizlik orta işsizlik göstəricisi qlobal iqtisadi artımın zəifləməsinə baxmayaraq, əmək bazarlarının ümumilikdə sabit qaldığını göstərir.