Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
Bu barədə universitetdən bildirilib.
Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. 204 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən Universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləyib. Əmrah Dadaşov 1981-ci ildən indiyədək Qədim dünya və orta əsrlər tarixi kafedrasında çalışıb, uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini olub. 1986-cı ildə “Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildə professor elmi adı alıb.
Görkəmli tarixçi 100-dən çox elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifi olub.
Professor Əmrah Dadaşovun əsas tədqiqat sahəsi paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı idi. Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinə dair araşdırmalarında o, Şimali Azərbaycanın paleometal dövrü abidələri və Urmiyayanı bölgənin yaşayış məskənlərini tədqiq edib.
