Sevgilisinə göndərmək istədiyi mesajı səhvən həyat yoldaşına göndərən kişi sonradan ailə münaqişəsinin mərkəzinə çevrilib. İllərlə davam edən evlilik, başqa qadınlarla münasibət iddiaları və evdə saxlanıldığı deyilən 100 min manat pul... Tərəflər arasındakı mübahisə sonda fiziki qarşıdurmaya çevrilib və məsələ məhkəməyə qədər gedib.
News365.az xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə 2026-cı ildə gecə saatlarında tərəflərin yaşadığı evdə baş verib. Ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı kişi həyat yoldaşını əli ilə vurub.
Nəticədə qadının sağ saidində, sağ dirsək büküşündə və sol baldırında qançırlar, sağ budunda və sağ baldırında hematomalar yaranıb. Ekspertiza xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirib.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qismən qəbul edib. O bildirib ki, həyat yoldaşı ilə 2015-ci ildə rəsmi nikaha daxil olub və onların iki azyaşlı övladı var.
Onun sözlərinə görə, ailədə uzun müddətdir əmlak və pul məsələləri ilə bağlı mübahisələr yaşanıb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı yaşadıqları evin və valideynlərinə məxsus digər evlərin uşaqların adına keçirilməsini tələb edib.
Daha sonra qadın evdə 100 min manat pul olduğunu və həmin vəsaitin yoxa çıxdığını bildirib. Təqsirləndirilən şəxs isə evdə belə məbləğdə pul olmadığını deyib. Onun sözlərinə görə, xırda məbləğlərdə vəsait olub və həmin pullar valideynlərinin müalicəsinə xərclənib.
Hadisə günü tərəflər arasında yenidən pul üstündə mübahisə yaranıb. Kişi bildirib ki, həyat yoldaşı onun üzünə üç dəfə tüpürüb və nalayiq sözlər işlədib. Bundan əsəbiləşərək qadının sifət nahiyəsinə bir dəfə sillə vurduğunu etiraf edib.
O bildirib ki, qadın yıxılaraq paltar dolabına dəyib. Daha sonra üzərinə gəldiyi üçün onu əli ilə itələyib. Təqsirləndirilən şəxsin iddiasına görə, qadın sonradan özünü dolaba vuraraq “sən məni vurdun” deyib və hadisəni qəsdən başqa cür göstərib.
Zərərçəkmiş qadın isə məhkəmədə fərqli ifadə verib. O, ərinin mübahisə zamanı onu yumruqla bir neçə dəfə baş nahiyəsindən, qollarından və ayaqlarından vurduğunu bildirib.
Qadının sözlərinə görə, ailədəki son mübahisənin əsas səbəblərindən biri 100 min manat pul olub. O bildirib ki, həmin vəsait birgə nikah dövründə onların qazancı hesabına toplanıb və yataq otağında, ərinin qırmızı rəngli gödəkçəsinin cibində saxlanılıb.
Qadın ərinin 2025-ci ilin dekabrında bir neçə gün rayonda olduğunu, həmin vaxt evdəki 100 min manatın yoxa çıxdığını gördüyünü deyib. Ərindən pulun harada olduğunu soruşduqda isə kişi vəsaitin anasında olduğunu və həmin pulla obyekt alacağını bildirib.
Bundan sonra qadın ərinin valideynləri ilə də danışıb və pulun qaytarılmasını tələb edib.
Məhkəmədə zərərçəkmiş şəxs ailədə problemlərin yalnız pulla bağlı olmadığını da bildirib. Onun sözlərinə görə, ərinin başqa qadınlarla qeyri-rəsmi münasibətlərindən şübhələnib və bu səbəbdən dəfələrlə mübahisələri olub.
Qadın ərinin mobil telefonunu yoxlayarkən müxtəlif qadınlarla yazışmalar gördüyünü, hətta bir dəfə kişinin başqa qadına göndərmək istədiyi mesajı səhvən ona göndərdiyini bildirib.
Hadisə zamanı tərəflərin iki azyaşlı övladı da evdə olub. Mübahisədən sonra qadın uşaqları ilə birlikdə valideynlərinin evinə gedib və həmin vaxtdan orada yaşadığını deyib.
Zərərçəkmiş şəxs ərindən şikayətçi olduğunu və onunla barışmadığını bildirib. O, kişinin cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində qanuni tədbir görülməsini istəyib.
Təqsirləndirilən şəxs isə törətdiyi əməldən peşman olduğunu deyərək məhkəmədən yüngül cəza istəyib.
Məhkəmə müttəhimi Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib.