Bir qərar, minlərlə həyat: Tibb işçilərinin maaş artımının arxasındakı böyük məna

Bir qərar, minlərlə həyat: Tibb işçilərinin maaş artımının arxasındakı böyük məna
02 Sen 2026 18:21

Bəzən bir qərarın, bir təşəbbüsün arxasında sadəcə rəqəmlər dayanmır. Bir addım minlərlə insanın həyatına, əməyinə və sabahına təsir edir. Tibb işçilərinin əməkhaqqının artırılması da məhz belə yanaşmalardandır.

Sosial siyasətin mühüm bir parçası olan bu addımın müəllifi isə Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Birinci vitse-prezident tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu qərara əsasən, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılır.

REGİONLARDA HƏKİM ÇATIŞMAZLIĞINA SON

Bölgə sakinlərinin ürəyincə olan bir qərar. Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək.

Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir.

Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq. Bu da 800 manat və ya 55 faiz artım deməkdir.

Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.


Bununla yanaşı, həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq. Bu isə bölgələrdə peşəkar kadrların sayının çoxalmasına, gənc mütəxəssislərin bu məkanlara marağının artmasına, ən əsası isə insanların yaşadığı yerdə keyfiyyətli tibbi xidmət almasına imkan yaradacaq.

PEŞƏYƏ DİQQƏT. ZƏHMƏTƏ QİYMƏT, GƏLƏCƏYƏ SƏRMAYƏ

Bu təşəbbüsün məziyyətlərini saymaqla bitən deyil. Azərbaycan liderinin qərarının, Mehriban xanımın humanist təşəbbüsünün arxasında həyatını insanların sağlamlığına həsr edən tibb işçilərinə, səhiyyə sahəsinə və orada çalışan insanlara xüsusi diqqət dayanır.

İlk baxışda çox sadə görünən bu nəcib addımın həm də böyük mənası var. Çünki həkim və tibb işçilərinin əməyinin əsas xüsusiyyəti ondadır ki, onun nəticəsi rəqəmlərlə ölçülmür.

Bu peşə sahiblərindən real və operativ iş tələb olunur. Düzgün verilən qərar, vaxtında göstərilən yardım bir anda bir və bəzən də bir neçə insanın həyatının xilasına səbəb olur.

Belə məsuliyyət və operativlik tələb edən peşənin maddi və sosial baxımdan dəstəklənməsi kadr siyasəti üçün də çox gərəklidir. Çünki müasir səhiyyə təkcə xəstəxanaların bəzəkli divarları, müasir avadanlıqlar və yeni texnologiyalar demək deyil.

Səhiyyənin ən böyük gücü vətəndaşdır. Gecənin bir yarısı insanın başında dayanan həkimdir, yorğunluğunu gizlədən tibb bacısıdır, yardıma tələsən feldşerlərdir.

Bu baxımdan, Mehriban xanımın nəcib addımının mahiyyəti də məhz burada görünür: insana xidmət edən peşəyə diqqət, zəhmətə qiymət, gələcəyə isə sərmayə.

Bu üç məqam bir araya gələndə uzaqgörən missiya, insan resurslarına verilən strateji dəyər daha qabarıq şəkildə özünü göstərir.

GÜVƏNLİ HƏKİM, KEYFİYYƏTLİ XİDMƏT

O da faktdır ki, bu qərarın dəyəri təkcə bu günlə hesablanmayıb. Onun əsl nəticəsi sabah daha güvənli həkimdə, daha sabit səhiyyə kollektivində və vətəndaşa göstərilən keyfiyyətli xidmətdə görünəcək.

Prezident İlham Əliyevin tibb işçilərinin əməkhaqqının artırılması ilə bağlı Mehriban xanım Əliyevanın nəcib və humanist addımını müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi və bu qərarı, şübhəsiz ki, hər kəs tərəfindən alqışlanacaq.

Tibb işçisinin rifahına göstərilən qayğıya, cəmiyyətin sağlamlığına töhfə olan bu qərara görə:

Dövlətimiz var olsun!

Bəturə NƏBİYEVA


Sizin reklam burada
Sizin reklam burada