Xəbər
verdiyimiz kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə
dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri
açıqlanıb. Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd edilib
ki, audit nəticəsində "AzTV" QSC tərəfindən əmək müqaviləsi əsasında
fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı
formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə
(ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü
ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi
müəyyən edilib.
Bu, əmək
münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi
və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə
məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat
hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.
Nəzərə alaq
ki, Hesablama Palatasının AzTV ilə bağlı söylədiyi ilk qanun pozuntusu deyil.
Bütün hesabatlara qeyd edilib ki, bu təşkilat əmək haqlarının hesablanmasında
qanunsuzluğa yol verir. Bu da əsasən onunla bağlıdır ki, sədr Rövşən Məmmədova
yaxın şəxslər bir qayda olaraq yüksək əmək haqqı alırlar. Lakin onlarla eyni
işi görənşəxslər qat-qat az maaş alırlarlar.
Bir sözlə,
dövlət vəsaitini Rövşən Məmmədov öz pulu kimi sağa sola xərcləyir.
Təsadüfi
deyil ki, Rövşən Məmmədovun idarəçiliyi hər zaman ciddi şəkildə tənqid olunub.
Sabiq millət vəkili Etibar Əliyev Hesablama Palatasından sonra özünün sosial səhifəsində
yazır:
“Bunu deyirəm:
Ağır narsisizm xəstəliyinə tutulmuşun da əli milyonlarla oynayırmış. Hesablama
Palatasının auditi adamı dəhşətə gətirir. Televiziyada diktatura rejimi tətbiq
edib, alimləri, ziyalıları qara dəftərinə salıb. Oraları qohum əqrəbası ilə
doldurub. Elə bil ki, Dövlətin televiziyası dədəsindən buna qalıb. Adamın hələ
elmlər doktoru diplomu var…”
News365.az