Bəzən yaslardakı israfçılıq və xoşagəlməz hallarla bağlı danışdığımızda dərhal irad bildirirlər ki, bəs toylardan niyə danışmırsınız. Əslində isə elə deyil. Toylardakı
israfçılıq, toy sahibini xərcə, borca salan qondarma vərdişlərdən də çox yazmışıq, daha çox danışmışıq. Partiya olaraq mütəmadi şəkildə istər yas, istərsə də toylardakı israfçılığın yığışdırılması ilə bağlı müvafiq addımlar atılmasının zəruriliyini vurğulamışıq. Lakin bu məsələ ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının başqanı cənab Razi Nurullayevin Milli Məclisdə daha təsirli və qətiyyətli çıxışı bütün bu qeyd olunanları daha ətraflı formada ifadə edib. Lazım oldu - olmadı, yeyildi - yeyilmədi adətə görə, bəhsə, yarışa xatir, restoranın təsirinə düşərək löyün-löyün yeməkləri nəhəng masalara düzmək əsla milli ənənələrimizə uyğun deyil. Deputat bu barədə haqlı olaraq narahatlığını belə ifadə edib:
"Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var."
Həqiqətən də yeməklərin çoxu axırda zibilliyə atılır. Çox yeməklərə də soda qatıb, müxtəlif maddələr vurub növbəti məclis üçün saxlayırlar ki, bu da insan sağlamlığı üçün təhlükəlidir. Həmçinin dinimizə, inancımıza, ata-baba adətlərimizə də zidd olan bu cür məclislər xalqımızın dəyərlərinə də kölgə salır. Razi Nurullayev belə toyların zərər və ziyanını ifadə edərək deyib:
"Bu halın nə dini, nə milli ənənə, nə də iqtisadi baxımdan məntiqli izahı yoxdur. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir”.
Tamamilə doğru qeyd edib ki, bu toylar dinimizə də ziddir. Çünki müqəddəs Quranda Allah təala buyurur ki, "yeyin-için, lakin israf etməyin. Allah israf edənləri sevməz." (Əraf surəsi, 31)
Toyu edirlər, Uca Yaradandan xoşbəxtlik diləyirlər. Bir yandan da Allahın əmrinin əksinə olaraq israf və nemətə üsyan edirlər. Həqiqətən də bu, məntiqsiz mağara təfəkkürüdür. Bu israfçılıq həm günah həm də əzəli adətlərimizə müxalifdir. Çünki xalqımız tarix boyu nə toyda nə yasda indiki qədər israfçılığa yol verməyib, kübar, gözütox və alicənab davranıb. İndiki toylarda isə sanki camaatı bordağa çağırırlar. Sanki üstünlük yalnız çox yemək verməkdə və çox yeməkdədir. Həqiqətən utancvericidir bu zehniyyət. Bərəkətə, çörəyə, xörəyə, qidaya qarşı bu hərəkətlər əsla yolverilməzdir. Çox eşitmişəm ki, xaricdən olan qonaqlar bizim bu sayaq toylarımızı görəndə təəccüb edirlər.
Yeməklə yanaşı qulaqbatırıcı musiqi səsinə də toxunan partiya sədri çox yerində olaraq haqlı etiraz səsini belə ucaldıb:
“Şadlıq evlərinin əksəriyyəti səsi udan akustik materiallarla təchiz olunmayıb. Nəticədə valideynlər, yaşlı insanlar, hətta uşaqlar saatlarla yüksək səsin altında qalır. Musiqi xadimləri də məcbur olub səsi artırır, çünki zal akustikası zəifdir; bu isə qulaq tutulmasına, baş ağrılarına, uzunmüddətli eşitmə problemlərinə səbəb olur. Xalqın ən sevincli günü sağlamlıq riski daşıyan mühitə çevrilir. Toy sahibi musiqini eşitmək əvəzinə, sadəcə səs-küy eşidir. Musiqi səsi sevinc yaratmalıdır, insanların qulağını sıradan çıxarmamalıdır”.
Bu da doğrudur ki, toydan sonra elə olur üç gün adamın qulağı cingildəyir. Nə olub, nə xəbərdir? Bəyəm camaat kardır, yoxsa dünyanın sonudur? Həzin və normal musiqi olmazmı? Amma burada məsələ başqaymış. Demək şadlıq saraylarının akustikasında problem var. Bu da çox önəmli məsələdir. Hərə bir böyük salonu tikib adını qoyub şadlıq evi. Amma düşünməyib ki, bu bina ferma binasından fərqlənməlidir. Toplum üçün musiqi həmişə xüsusi məkanlarda təqdim olunub. Ona görə ki, mənfi təsir göstərməsin və səs insanlara dəhşət yaşatmaq əvəzinə ləzzət bəxş etsin.
Toy əslində yalnız yemək və kef məclisi də deyil. Toyun əsl mahiyyəti təhrif olunub. Toy, evlənənlərə, onun ailəsinə xeyir - dua vermək məclisi və təbrik təntənəsidir. Sadəcə, toplaşan adamlara müəyyən qədər yemək və içkilər təqdim olunur ki, şənlənib toy səbəbkarlarının sevincinə şərik olsunlar. Əslində toyda qidadan daha çox mənəvi şövqə, normal həzin musiqi və təbriklərə yer verilməlidir.
Qeyd olunan məsələlərlə bağlı millət vəkilinin əsaslı şəkildə narahatlığını bildirməsi o deməkdir ki, bu problemin həlli üçün düşünülməli, çıxış yolları tapılmalıdır. Bir tərəfdən maarifləndirmə, təbliğat, digər tərəfdən də inzibati tədbirlər və uyğun yollarla əhalini bu bəladan xilas etmək lazımdır.
Tural İrfan, MCP sədrinin müavini