“Bu cür hallar həmişə olub. Bizim cəmiyyət nədənsə bu məsələlərdə unutqan davranır. 1998-ci ildə də, 2004-cü ildə də oxşar hallar baş verib: kimsə kiminsə əvəzinə imtahana girirdi. Biz bunları aşkarlayırdıq, cinayət işləri açılmışdı. Hər dəfə də təşkilatçılar təhsil işçiləri olub”.
News365.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, 2004-cü ildə imtahanda 600 baldan yuxarı nəticə göstərən 200 nəfərin nəticəsi ləğv edilib:
“Həmin hadisədə təşkilatçı universitet müəllimi idi - dosent, elmi dərəcəsi, namizədlik dissertasiyası da var idi. 2022–2023-cü illərdən isə bilirik ki, vəziyyət dəyişib, artıq bəzi texniki cihazlar mövcuddur. Əvvəlcə onu qeyd edək ki, bu cihazların ölkəyə gətirilməsi və istifadəsi qanunvericiliyə ziddir. Müvafiq orqanların razılığı tələb olunur. İmtahanda belə cihazlardan istifadə olunduqda biz bunu həmişə aşkarlamışıq. Necə aşkarladığımızı demək istəmirəm. Çünki metodlarımızı izah etdikdə, bu, qarşı tərəfə aydın olur və onlar yeni yollar axtarırlar. Bu, virus–antivirus məsələsinə bənzəyir”.