Hərbçilərlə görüşlərin birində Heydər Əliyev ərəb mənşəli “kəşfiyyat” sözünün kursant tərəfindən “keşfiyyat” kimi yazılmasına etiraz edir: “Ola bilər ki, kiminsə ləhcəsi belədir: “keşfiyyat”, amma Azərbaycan dilində “kəşfiyyat”dır!” Sonra da türkiyəli zabitə bildirir ki, proqarmı yükləyin, yoxsa “bunların dilləri düz olmayacaq”.
Məlum olduğu kimi, türk dilində “ə” hərfi olmadığı üçün “keşf” yazılır. Heydər Əliyev də dilimizin adının “Azərbaycan” olmasında israr edəndə ilk növbədə məhz türk dili ilə qarışıqlığın, sonuncunun dilimizə təsirinin qarışısını almaq istəmişdi. Çünki bunun dövlətçiliyimiz üçün əhəmiyyətini bilirdi. Bu gün də İlham Əliyev deyəndə ki, dilimizdə əzəli kəlmə varsa, başqa dildəki kəlməni istifadə etmək səhv və ya təxribatdır, məhz atasının müdrik yanaşmasını davam etdirir.
Məsələn, dilimizdə ərəb mənşəli “müəllim” sözü var. Onu Türkiyəsayağı fars mənşəli “hoca” sözü ilə əvəz etməyə lüzum yoxdur.
Bəziləri indi yenə deyəcək ki, türk yox, rus və ingilis dillərinin təsirindən qorxmalıyıq. Əlbəttə, Azərbaycan dilində danışarkən heç bir yad dilin söz və kəlmələrindən istifadə etməməliyik, əgər öz dilimizdə qarşılığı varsa. Lakin bəziləri rus sözlərindən (уже, вообще və s.) uzaqbaşı şifahi danışıqda istifadə edir. Türk sözləri isə artıq yazı dilimizə də daxil olur. Niyə? Ona görə ki, rus və ingilis dillərinin yad olduğu aşkardır. Türk dili isə Azərbaycan dili ilə eyni dil qrupuna aiddir. Türkiyənin bizə ən yaxın ölkə olması da dilimizin tədricən assmiliyasiyasını asanlaşdırır. Lakin bu fərqli dillərdir. Məsələn, Avropada ən çox yayılmış üç dil qrupu var: alman (alman, ingilis, niderland və s. dillər), roman (fransız, italyan, ispan və s. dillər) və slavyan (rus, sloven, çex və s. dillər). Heç kəs həmin qruplara daxil olan dillərin eyni dil olmasını demir. Məsələn, ispan və portuqal dilləri, yaxud çex və slovak dilləri Azərbaycan və türk dillərindən daha yaxındır. Bununla belə həmin dillərin sahibi olan xalqlar dillərini qoruyur və qarışıqlığa yol vermir. Odur ki, biz də millətimiz və dövlətimiz naminə dilimizi qorumalıyıq.