Litvada Rusiyadan çərkəzlərə qarşı təqiblərə
son qoymaq tələb edilib
2025-ci il dekabrın 17-də Vilnüsdə - Litva
Seymində “Tarix və müasir siyasət kontekstində çərkəz soyqırımı” adlı beynəlxalq
konfrans keçirilib. Birləşmiş Çərkəz Şurasının təşkilatçılığı ilə baş tutan
konfransda qeyd olunub ki, 1763-1864-cü illərdə Çar Rusiyası çərkəzlərə qarşı
etnik təmizləmə siyasəti aparıb, yüzminlə çərkəz öldürülüb, onların yaşayış
yerləri dağıdılıb, çərkəzlər sürgün edilib. Sürgündəki iztirablar, xəstəliklər,
iqlim şəraiti çərkəz xalqının növbəti milli faciəsinə çevrilib. Toplantıda çərkəzlərə
qarşı soyqırımın etirafının vacibliyi tarixi ədalət prizmasından dəyərləndirilib.
Beynəlxalq konfransda Azərbaycanı “İpək
Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Aida Eyvazlı
Göytürk videobağlantı vasitələ çıxış edib. O, deyib ki, Qafqazda yaşayan
xalqların soyqırım və köçkünlük faciələri bir-birinə bənzəyir, onların hamısı
Rusiyanın əli ilə və yaratdığı şəraitin nəticəsində törədilib: “Bu gün rus
şovinizminin qanlı siyasəti nəticəsində krım tatarları, çərkəzlər, kalmıklar,
noqaylar, tatarlar öz doğma yurdlarında zindanlara salınır, bəzən
izsiz-soraqsız itkin düşürlər. Çərkəz xalqına ədalətin zəfər çalacağı günlərin
nəsib olmasını arzulayıram!”.
Konfransda çıxış edən alimlər, vətəndaş cəmiyyəti
təmsilçiləri Rusiya Federasiyasında yaşayan çərkəzlərin dil, mədəniyyət və
kimlik baxımından ciddi təzyiq altında olduğunu, çərkəz dilində təhsilin
sistematik şəkildə azaldıldığını, geri qayıtmaq hüququna maneə törədildiyini və
çərkəzlərin siyasi səbəblərdən təzyiqə məruz qaldığını vurğulayıblar.
Konfransın sonunda çərkəz xalqını təmsil
edən nümayəndələr Litva Seyminə çərkəz soyqırımının tanınması üçün rəsmi sənədi
təqdim ediblər.