Dövlət anlayışı konkret siyasi partiya və ya qrupa aid deyil - Türkiyədə baş verənlərə BAXIŞ

Dövlət anlayışı konkret siyasi partiya və ya qrupa aid deyil - Türkiyədə baş verənlərə BAXIŞ
01 Apr 2025 09:23
İstanbul Böyükşəhər Bələdiyyə sədrinin həbsi ilə bağlı Türkiyə daxilində müəyyən gərgin dönəm başlayıb. Proseslərin nə qədər davam edəcəyini və hansı nəticələr doğuracağını indidən dəqiq proqnozlaşdırmaq çətindir. Hadisələrin inkişafına təsir edən müxtəlif amillər mövcuddur və bura, təəssüf ki, Türkiyə daxilində gərginliyin artmasında maraqlı olan bəzi qüvvələr də daxildir. Bu isə təbii ki, vəziyyətin daha da qızışmasına xidmət edə bilər. Lakin unutmaq olmaz ki, istənilən halda hüquqi qiymət verəcək yeganə instansiya məhkəmədir və istintaq prosesinə hörmətlə yanaşmaq lazımdır.
Son hadisə Azərbaycan mediasında və sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Bu məsələyə hər kəsin fərqli yanaşması, təbii ki, normaldır. Fərqli baxışların formalaşması şəxsi simpatiyalar, siyasi meyillər və fərdi mövqelərlə bağlıdır. Lakin burada vacib bir yanlış yanaşmanı qeyd etməyə ehtiyac var.
Təəssüf ki, bəzi şərhlərdə bu məsələ Dövlət–CHP münasibətləri kontekstində təqdim olunur. Bu, çox yanlış bir yanaşmadır. Qətiyyən unutmaq olmaz ki, dövlət anlayışı konkret siyasi partiya və ya qrupa aid deyil. Dövlət bütün xalqın ümumi iradəsinin daşıyıcısıdır və bu prinsip hər iki ölkədə dəyişməzdir.
Azərbaycan-Türkiyə münasibətləri isə heç bir partiyanın, siyasi şəxsin və ya qrupun mövqeyindən asılı olmayaraq, dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsindədir. Tariximiz boyunca Türkiyədə hakimiyyətdə müxtəlif siyasi partiyalar olub, amma bu, Azərbaycanla münasibətlərə heç bir halda mənfi təsir etməyib. Əksinə, hansı partiya hakimiyyətdə olursa-olsun, Azərbaycan-Türkiyə münasibətləri daim yüksək səviyyədə davam edib və daha da inkişaf edib. AKP dönəmində münasibətlər dərinləşdi və şaxələndi.
Xüsusilə vurğulamaq istəyirəm ki, bizim üçün önəmli olan Türkiyədə hansı partiyanın hakimiyyətdə olması deyil, qardaş ölkənin sabitliyi, rifahı və güclü dövlət olaraq inkişaf etməsidir. Bu, Azərbaycanın dövlət maraqlarına tam cavab verir. Bizim strateji tərəfdaşlığımız partiyalar üzərində yox, ortaq dəyərlər, mədəni-tarixi bağlar və ortaq maraqlar üzərində qurulub.
Odur ki, məsələyə yanaşarkən Azərbaycan dövlətini hansısa partiyanın tərəfdaşı kimi təqdim etmək, təhlilləri konkret şəxslərin və ya partiyaların mövqeyindən şərh etmək həm siyasi baxımdan doğru deyil, həm də dövlətlərarası münasibətlərin mahiyyətinə ziddir. Bizim üçün Türkiy\ dövləti bütövlükdə strateji tərəfdaşdır və bu mövqe hər hansı daxili siyasi proseslərdən asılı deyil, dəyişməzdir.
Vurğulamaq istərdim ki, Azərbaycandan bu məsələyə yanaşarkən bütün şərhlərdə əsas meyar dövlətçilik mövqeyi, qarşılıqlı suverenlik və strateji müttəfiqlik olmalıdır.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada