Allahın ədaləti onun hikmətinə dayanır. Bəzən dünyada baş verən müəyyən hadisələrə, zülmlərə Allahın sanki göz yumduğunu güman edirlər. Əslində hadisələrin əsl batini səbəbləri, gizli mahiyyəti (ərəb fəlsəfi termini ilə desək: "huviyyəti") hər kəsə izhar olmadığı üçün zahirə baxıb bu qənaətə gəlirlər.
Ev yıxanın evini Allah mütləq yıxır. Amma nə zaman, harada, hansı şəraitdə və hansı şəkildə, - artıq bu fərqlidir. Bəzən zalımı, zülm
edib haq yedikcə ucalan görürsən. Bəziləri bu zaman ilahi ədalətə şəkk edir. Amma hikmət bunu deyir ki, nəyisə yerə çırpmaq üçün onu əvvəlcə yuxarı qaldırmalısan. Bəzən haq yeyən, rüşvət alan, harın bir məmur vəzifədə yüksəlir, şöhrəti artır, sənə elə gəlir ki, ucalır. Əgər qalxdıqca pis əməllərini tərk etmirsə, əksinə tüğyançılığı da artırırsa bil ki, Allah onu yerə çırpmaq üçün qaldırır. Nə qədər yüksəyə qalxsa oradan yerə düşməyi bir o qədər ağır və faciəli olacaq. Şöhrəti artırsa, demək yerə düşəndə rüsvayçılığı da o qədər çox olacaq. Tonla rüşvət yığanların "ucalan" vaxtlarda ayağının yerə dəymədiyini də həbs olunaraq, burnunun yerə gəldiyini də ekranlardan az izləməmişik...
Hadisələri, zahiri qiymət verməklə, dünya meyarlarının, bəşəri ölçülərin qəlibinə salmaqla anlamaq olmur. Allah əgər bizə adi və sadə gələn qəlb, könül sındırmağı belə əfv etmirsə, bunun Kəbəni yıxmaq qədər böyük günah olduğunu bəyan edirsə, yoldan bir daşı kənara atmağı da dəyərləndirirsə, daha böyük zülm və xeyirxahlıqları əvəzsiz buraxarmı? Əsla.
"Tin" surəsində zərrə qədər xeyir iş edənin də, zərrə qədər şər iş görənin də əvəzini alacağını vəd edir ən ali Adil . Amma harada, nə vaxt, necə, bunu yalnız özü bilir. Çünki mütləq hikmət elmi yalnız ona məxsusdur. Bəziləri deyir ki, pis adamın pisliyinin onun nəslinə aidiyyəti yoxdur. Ancaq pislik də yaxşılıq da ən azı 7 nəsil təsirini göstərir ən azı ibrəy olmaq üçün. Allah Quranda İbrahimin nəslindən peyğəmbərlər seçdiyini, onlara lütf etdiyini, dəyər verdiyini deyir. Amma digər yerdə də "lənətlənmiş şəcərə" dən bəhs edir. Əməvilər, Əbu Sufyan, Yezidin nəsli kimi.
Nəticə budur ki, 1400 ildir bütün müsəlmanlar gündə 5 vaxt namazda İbrahim və ailəsinə, Muhəmməd və ailəsinə salam - salavat yollayır. Amma 1400 ildir də Allahın lənətlədiyi şəcərəni, Yezid və soyunu lənətləyir. Hələ ilk Abbasi xəlifəsi və Əmir Teymurun onların sümüklərini çıxarıb yandırmasını demirəm. Hələ Axirət dünyasında əbədi əzaba düçar olacaqlarını demirəm. Allahın lütfü və əzabı bəzən həm bu dünyada həm də o dünyada təzahür edir. Bəzən də bu dünyada reallaşmır. Zalım elə zalım, kafir elə kafir olaraq da köçür. Bu daha dəhşətlidir. Demək o dünyada əbədi əzab hazırlanıb onun üçün.
İlahi ədalət ümumi nizamın meyarlarına uyğun baş tutur. Yoxsa ki, əksəriyyət bir-birinə bəd dua edir, əgər ikisi də məhv olsa onda dünyada adam qalmazdı. Demək Allah, səbəbini bilmədiyin üçün sənin istədiyin vaxt deyil, özünün istədiyi vaxt nəticəni ortaya qoyur.
Xəstəliklər, xasiyyətlər genlə keçdiyi kimi, dua və lənət də keçir. Bəd dua və nifrin qazanmaq ən pis azuqədir ki, onun bəlasını bütün nəsil çəkir. Xeyirxahlıq sayəsində dua, alqış qazanmaq da belədir ki, onun da faydasını bütün nəsil görür. Necə ki, İbrahim və Muhəmməd ailəsinə dua edilir, Əməvi və Yezid soyuna isə lənət. Bunun özü də bir ilahi aqibətdir. Biri xeyrli, digəri şərli aqibət.
Mərhum Zəlimxan Yaqub demişkən:
"Kim yedisə çörəyi tək, duzu tək,
Əriyəcək o dağların buzu tək.
Çox adamlar mələyəcək quzu tək,
Çox adamın yurdu mələr qalacaq..."
Yaxud Bəhmən Vətənoğlu demişkən:
"Heç kəs mənəm deyib şeşələnməsin,
Sınmaz oğulların sınan vaxtı var.
Əbədi göylərdə qartal da durmaz,
Onun da zirvədən enən vaxtı var.
Az ötən günləri say, Vətənoğlu,
Ömürdən yadigar qoy, Vətənoğlu,
Dünya belə getməz ay Vətənoğlu,
Kasıb ocağının yanan vaxtı var! "
Tural İrfan, ilahiyyatçı yazar