Çıxarışsız mənzil alan vətəndaçları hansı risqlər gözləyir? – Ekspertdən XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alan vətəndaçları hansı risqlər gözləyir? – Ekspertdən XƏBƏRDARLIQ
30 Sen 2024 09:43

Tikilməkdə olan binalarda mənzil alan vətəndaşların aldanması günümüzün acı reallığıdır. Tikilməkdə olan binalardan mənzil alan vətəndaşlar çox zaman sona qədər mənzil kirayəsi pulunun verilmədiyindən, mənzili vaxtında təhvil ala bilməmələrindən şikayətlənirlər. Bir mənzilin bir neçə şəxsə satılması halları da istisna deyil. Ona görə də vətəndaşlar tikilməkdə olan binalardan mənzil alarkən çox diqqətli olmalıdırlar.

Bu bir faktdır ki, mənzil tikinti kooperativləri daha çox müştəri cəlb etmək üçün çoxsaylı vədlər verirlər. Hətta binanın dövlət sifarişi ilə tikildiyini deyən MTK-lar da az deyil. Guya tikilən bina dövlət sifarişinə əsasən pilot layihə kimi inşa edilir.

Məsələ ilə bağlı Şəhərsalma Arxitektura Komitəsinə sorğu göndərdik. Qurumdan News365.az-a bildirildi ki, pilot layihə artıq neçə ildir ki, dayandırılıb:

“Hazırda Bakı şəhərində çoxmənzilli binalar ancaq sahibkarların təşəbbüsü və müvafiq dövlət qurumlarının razılığına əsasən inşa edilir”.

Elə isə tikilməkdə olan binadan mənzil alan vətəndaşlar nələrə diqqət etməlidirlər?

Suala daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə aydınlıq gətirdi. News365.az-a açıqlamasında o bildirdi ki, tikilməkdə olan, çıxarışı olmayan və münasibətlər yalnız müqavilə ilə tənzimlənən yeni tikililərdə vətəndaşların aldanma risqi böyükdür:

“Yeni qanunvericiliyə əsasən hətta tikilməkdə olan binalara çıxarışların alınması mümkündür. Çox təəssüf ki, bundan çox az sayda mənzil tikinti kooperativi istifadə edir. Əksər MTK-ləri müqavilələrlə tikilməkdə olan mənzillərin satışını həyata keçirir. Ona görə də vətəndaşlar müqavilə ilə daşınmaz əmlak alırsa çox diqqətli olmalıdır. Əvvəla müqaviləni diqqətlə oxumaldır. Bütün hüquq və vəzifələriylə tanış olmalıdır. Ən əsası tikintialtı və ya ümumi sahə ilə mənzilin ona satıldığından əmin olmalıdır. Əgər müqavilədə ümumi sahə yazılıbsa  bu o deməkdir ki, divarların içindən-içinə olan sahə vətəndaşa satılır. Yaxşı olarkı belə müqavilələr 3 tərəfli şəkildə -notarial qaydada bağlansın. Digər halda vətəndaşlar çox zaman problemlə üzləşir”.

Müsahibimiz bir çox hallarda, xüsusən də mənzil müqavilə müddətində təhfil verilmədikdə vətəndaş çıxılmaz duruma düşür:

“Belə xoşagəlməz hallardan sığortalanmaq üçün vətəndaş müqavilə şərtlərinə diqqətlə yanaşmalıdır ki, bilsin açarlar ona nə zaman təqdim olunacaq, ödəniş necə həyata keçiriləcək, tikinti gecikərsə vətəndaş hansı tələblər irəli sürə bilər və sair. Əslində şablon xarakterli müqavilə olmamalıdır. Müqavilədə alıcının hüquqlarını müdafiə edən bəndlər daha çox yer almalıdır.

Vətəndaş çıxarışı olmayan mənzili müqavilə ilə alırsa onun aldanma risqi yüksəkdir. Yaxşı olar ki, vətəndaşlar çıxarışı olan mənzilləri alsınlar. Çünki, tikilməkdə olan binalardakı mənzillərə də hazırda çıxarış verilir.  Amma bəzi MTK-lar vətəndaşlara çıxarışsız mənzillər təklif edir. Vətəndaş da qiymət fərqinə aldanaraq mənzilləri müqavilə ilə alırlar. Sonra da müxtəlif xoşagəlməz hallarla rastlaşırlar”.

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər