"İranla ABŞ arasındakı məktublaşma münasibətlərin inkişafına təsir göstərəcək"- Politoloq

"İranla ABŞ arasındakı məktublaşma münasibətlərin inkişafına təsir göstərəcək"- Politoloq
29 Mar 2025 15:45

"İran Prezidenti Məsud Pəzeşkiyan bildirmişdi ki, Qərblə diyaloq məsələsində özü razılığa gəlmək istəyir. Ancaq Ali Dini Lider Ayətullah Xamenei və ölkədəki mühafizəkar qurumlar buna razılıq vermək istəmirlər. Nəticə etibarilə, onlar çalışırlar ki, Pəzeşkiyanı Qərblə diyaloqun tərəfdarı kimi göstərsinlər. Prezident isə Qərblə münasibətlərin normallaşması istiqamətində addımlar atmaq niyyətindədir."

 Bu sözləri News365.az-a siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

"Prezidentin komandası, o cümlədən keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəstəyi, İran daxilində islahatçı qanadın Qərblə diyaloqa hazır olduğunu göstərir. Bununla belə, mühafizəkar təbəqə və Ali Dini Lideri dəstəkləyən qurumlar bu təşəbbüsə müsbət yanaşmır. Bu vəziyyət İranın daxili balanslaşdırma siyasətinin bir göstəricisidir və rəsmi Tehranın iki tərəfli oyun oynadığını ortaya qoyur.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə Pəzeşkiyanın bu bəyanatından sonra İranın Ali Dini Lideri Ayətullah Xameneiyə məktub göndərib və açıq şəkildə İranla dialoqa hazır olduğunu bildirib. Lakin bundan sonra Tehranda müzakirələr başlayıb və ABŞ-ın təklif etdiyi şərtlərin qəbuledilməz olduğu qeyd edilib. İran tərəfi də öz mövqeyini çatdırmaq üçün ABŞ-a məktub göndərib. Bu məktublaşma, təbii ki, iki ölkə arasındakı münasibətlərin inkişafına təsir göstərə bilər, lakin tərəflərin bir-birinin əsas şərtlərini qəbul etməyə hazır olub-olmaması hələ ki, sual altındadır."


Sizin reklam burada
Sizin reklam burada