Avropa İttifaqının (Aİ) Ermənistanda fəaliyyətə başlayacaq yeni missiyası regiondakı geosiyasi mənzərəni tamamilə dəyişir. Sərhəddə adi müşahidə aparmaqla kifayətlənməyəcək bu yeni missiya, birbaşa İrəvanın dövlət strukturları ilə işləyəcək və onların təhlükəsizlik potensialını gücləndirəcək. Brüsselin bu addımı Aİ-nin Cənubi Qafqaz siyasətində sadəcə "müşahidəçi" statusundan çıxıb "təhlükəsizlik tərəfdaşına" çevrildiyini göstərir.
Bəs bu yeni reallıq Azərbaycan üçün nə vəd edir? Proseslər sülh danışıqlarına necə təsir göstərəcək? Mövzu ilə bağlı politoloqlar News365.az-a özəl açıqlamalar veriblər.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Aİ-nin bu addımı rəsmi Bakıda müəyyən suallar və narahatlıq doğursa da, bunu birbaşa hərbi təhdid kimi qiymətləndirmək doğru olmaz. Onun sözlərinə görə, Brüsselin əsas hədəfi fərqlidir:
"Avropa İttifaqının başlıca məqsədi Rusiyanın Ermənistandakı hərbi-siyasi təsir rıçaqlarını tamamilə zəiflətmək və onu regiondan sıxışdırıb çıxarmaqdır. Rusiyanın Cənubi Qafqazda manipulyasiya imkanlarının azalması, əslində, müəyyən mənada Azərbaycanın da regional maraqlarına cavab verir. Çünki kənar müdaxilələrin zəifləməsi sabitlik üçün daha əlverişli zəmin yaradır".
Politoloq əlavə edib ki, Kremlin son dövrlər İrəvana qarşı tətbiq etdiyi iqtisadi təzyiqlər və Qərbin buna cavab olaraq təhlükəsizlik dəstəyini artırması regionda geosiyasi rəqabətin pik həddə çatdığını göstərir.
Digər politoloq Natiq Miri isə vurğulayıb ki, yeni yaradılan missiyanın mandatı Azərbaycan-Ermənistan sülh danışıqlarını əhatə etmir. Missiyanın fəaliyyəti yalnız daxili təhlükəsizlik islahatları ilə məhdudlaşır:
"Bu missiya hər hansı qərar qəbul edən orqan deyil, sadəcə məsləhət və ekspert dəstəyi verən bir platformadır. Ona görə də danışıqlar prosesinə birbaşa təsir imkanları yoxdur. Sülhün taleyi birtərəfli xarici missiyalardan deyil, birbaşa Bakı ilə İrəvanın nümayiş etdirəcəyi real siyasi iradədən asılı olacaq".
Natiq Mirinin fikrincə, missiyanın əsas hədəfi Azərbaycan olmasa da, gələcəkdə regionda fərqli risklər, xüsusilə "İran faktoru" ön plana çıxa bilər:
"İndiki mərhələdə əsas hədəf Rusiya olsa da, perspektivdə bu siyahıya İran da əlavə oluna bilər. Ermənistan rəhbərliyi Tehranı özünə yaxın tərəfdaş hesab etsə də, ABŞ-la mümkün gərginliklər kontekstində Zəngəzur dəhlizi ətrafında təxribatlar baş verə bilər. Bu isə İrəvan-Tehran münasibətlərində ciddi çatlar yarada bilər ki, missiyanın fəaliyyəti həm də bu kimi kompleks risklərin qarşısını almağa hesablanıb".
Ekspertlərin ümumi rəyinə əsasən, Aİ-nin bu yeni addımı Azərbaycan üçün birbaşa hərbi təhlükə yaratmır. Missiyanın əsas məqsədi sərhədi qorumaq yox, Ermənistan dövlətini xarici hibrid təhdidlərə qarşı dözümlü etməkdir.
Bununla belə, Qərbin regionda artan hərbi-siyasi çəkisi gələcəkdə yeni siyasi reallıqlar diktə edəcək. Rusiyanın təsirinin azalması və Ermənistanın daha proqnozlaşdırıla bilən daxili təhlükəsizlik xətti yürütməsi, uzunmüddətli perspektivdə Azərbaycan üçün də yeni regional imkanlar aça bilər.