Bəzi xristianlar arasında UNO-ların (naməlum uçan obyektlərin) şeytani mənşəli olduğu fikri getdikcə daha çox yayılır. Lakin britaniyalı bir keşiş hesab edir ki, Müqəddəs Kitab tamamilə fərqli məna daşıyır.
News365.az-ın məlumatına görə, Şimali Uelsdə üç kilsəyə rəhbərlik edən ata Li Teylor "Daily Mail" nəşrinə müsahibəsində bildirib ki, Bibliyadakı mətnlər göydə müşahidə olunan sirli obyektlərin şeytanların işi deyil, daha çox yerdənkənar ağıllı həyatın mövcudluğuna işarə kimi qəbul edilməli olduğunu göstərir.
Onun fikrincə, Kilsə artıq bu mövzu ilə bağlı Müqəddəs Kitabdakı mətnləri ciddi teoloji baxımdan təhlil etməyə başlamalıdır. Teylor hesab edir ki, xristianlar yerdənkənar həyatın mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsindən əvvəl buna hazır olmalıdırlar. Çünki belə bir açıqlama cəmiyyətdə təşviş və qorxu yarada bilər. O vurğulayıb ki, kainatda ağıllı həyatın kəşfi dinləri sarsıtmayacaq, əksinə, insanların Tanrının yaradılış planını daha geniş şəkildə dərk etməsinə kömək edəcək.
“Əgər kainanın düşündüyümüzdən daha böyük olduğu üzə çıxarsa, bu, Tanrını kiçiltmir. Sadəcə Onun yaratdıqlarının miqyasının nə qədər böyük olduğunu göstərir. Mən bunda iman üçün təhlükə görmürəm. Bu, yalnız teoloji təxəyyülümüzün sərhədlərinə meydan oxuyur. Böyük kainat böyük ilahiyyat tələb edir”, - deyə keşiş bildirib.
Yerdənkənar həyata işarə etdiyi iddia olunan üç Bibliya məqamı
Ata Li Teylor Müqəddəs Kitabda UNO fenomeninə fərqli yanaşmağa əsas verən üç məqama diqqət çəkib:
“Yaradılış” kitabı və insanın statusu
Burada insan Yer üzündə Tanrının ən ali yaradılışı kimi təqdim olunur. Keşiş hesab edir ki, vurğunun məhz Yer üzərinə yönəlməsi insanların kainatda yeganə ağıllı varlıq olması anlamına gəlmir. “Əgər hər şey yalnız bizim üçün idisə, Tanrı niyə bu qədər nəhəng kainat yaratdı?” – deyə o sual edib.
Həzrət Yezekelin görüntüsü
Əhdi-Ətiqdə təsvir edilən göydən enən “təkər içində təkər” görüntüsü ənənəvi olaraq Tanrının əzəmətinin simvolu hesab olunur. Lakin Teylor ehtimal edir ki, qədim müəlliflərin təsvir etməyə söz tapmadığı yüksək texnologiyalı bir obyektlə qarşılaşma da ola bilərdi.
Yəhya İncili (14:2)
İsanın “Atamın evində çoxlu məkan var” sözləri adətən Səmavi Padşahlığa aid edilir. Ancaq uelsli keşiş bunun kainatın daha mürəkkəb quruluşuna və başqa ağıllı həyat formalarının mövcudluğuna eyham ola biləcəyini düşünür.
“Biz elə bir dövrə yaxınlaşırıq ki, bəşəriyyət özünü yalnız Yer planetinin sakinləri kimi deyil, Tanrının daha möhtəşəm yaradılışının bir hissəsi kimi qəbul etməyi öyrənməlidir”, – deyə Li Teylor sözlərini yekunlaşdırıb.