"Bölgədə gərginlik yaranarsa, bunun əsas günahkarı Ermənistandır"- Politoloqdan AÇIQLAMA

"Bölgədə gərginlik yaranarsa, bunun əsas günahkarı Ermənistandır"- Politoloqdan AÇIQLAMA
14:16

"Ermənistanın informasiya siyasəti uzun illərdir ki, Azərbaycana qarşı təxribat xarakteri daşıyır və bu, gələcəkdə də ölkənin əsas siyasi strategiyalarından biri olaraq qalacaq. Ermənistan, hərbi sahədə silahlanmasını genişləndirdikcə, beynəlxalq ictimaiyyətdə Azərbaycanı guya hücuma hazırlaşan bir dövlət kimi təqdim etməyə çalışır. Halbuki reallıq göstərir ki, Azərbaycan heç zaman Ermənistanın təhlükəsizliyini təhdid etməyib və bölgədə sülhün təmin olunmasını prioritet hesab edib."

Politoloq Mehman İsmayılov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanın informasiya strategiyası, hakimiyyətin və xaricdəki erməni diasporunun dəstəyi ilə həyata keçirilən genişmiqyaslı təbliğat kampaniyalarının tərkib hissəsidir. Onlar hücum xarakterli silahlarla silahlanmalarına baxmayaraq, daim özlərini müdafiə mövqeyində olan bir ölkə kimi qələmə verməyə çalışırlar. Bu isə beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş bir manipulyasiya taktikasıdır.

Ermənistanın Azərbaycanı təcavüzkar kimi təqdim etməsi təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də məqsədyönlü şəkildə həyata keçirilir. Bu kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini çaşdırmaq və Azərbaycana qarşı sanksiyaların tətbiqini stimullaşdırmaqdır. Bu prosesdə Fransa başda olmaqla bir sıra Qərb dövlətləri və təşkilatları Ermənistanı açıq şəkildə dəstəkləyir. Fransa və bəzi Avropa dövlətləri siyasi və diplomatik vasitələrlə Ermənistanın mövqeyini gücləndirməyə çalışır, Azərbaycanı isə daim günahlandırmağa meyilli davranırlar.

Hazırda Ermənistanın siyasi taleyi qeyri-müəyyən olaraq qalır. Ölkənin siyasi kursuna xarici qüvvələrin təsiri açıq şəkildə hiss edilir. Kanada və Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədlərində müşahidə missiyası adı altında bölgədə mövcudluğu genişləndirərək, proseslərə bilavasitə təsir göstərməyə çalışır. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının müddətinin daha iki il uzadılması da bu prosesin bir hissəsidir.

Bütün bu proseslər onu göstərir ki, bölgədə hər hansı gərginliyin yaranacağı halda, bunun əsas günahkarı məhz Ermənistan rəhbərliyi və onun xarici himayədarları olacaq. 2025-ci ildə Ermənistana qarşı ciddi təzyiqlərin olacağı ilə bağlı proqnozlar isə regionda yeni siyasi və hərbi hadisələrin baş verə biləcəyinə işarə edir.

Ermənistanın informasiya hücumlarına qarşı Azərbaycanın aktiv və çevik informasiya siyasəti həyata keçirməsi vacibdir. Ermənistanın yalanlarına qarşı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın mövqeyinin ardıcıl və dəqiq şəkildə təqdim olunması strateji əhəmiyyət kəsb edir."- deyə vurğulayıb. 

News365.az