Küçədə yaşayan alimin son nəğməsi- Tural İrfan yazır

Küçədə yaşayan alimin son nəğməsi- Tural İrfan yazır
09:18
Miskin həyat yaşayan ilahiyyatçı - alim, 29 kitab müəllifi, Ankara Universitetinin müəllimi olmuş, Quranın Azərbaycan və rus dillərinə tərcüməçisi Fazil İsmayılov sakitcə vəfat edib. Allah rəhmət eləsin, ruhu şad olsun. Əməyinin mükafatını bu dünyada almadı, inşallah o dünyada alar.
Müğənni saxlayan varlı - "hallı" hacılar da kömək etmədi. Kirayələrdə, küçələrdə, ac-susuz, xəstə...
Həzrət Muhəmməd Peyğəmbərdən bir hədis nəql olunur: Qiyamət günü üç şey üç şeydən şikayət edəcək. Oxunmayan kitab sahibindən, ibadət edilməyən məscid əhalidən, elmindən bəhrələnilməyən alim hamıdan...
Fazil müəllimin nə tərcümə etdiyi Quranı görə bildik, nə yazdığı 29 kitabın biri ilə tanış olduq. Yəqin ki, indən belə də əsərləri itib-batacaq.
Çox heyf. Qayğılar, problemlər, maddi, sosial çətinliklər göz açmağa imkan vermədi ki, gedib kişinin qolundan tutaq, dəstək olaq.
Yoxsulluğun üzü qara olsun, Fazil müəllim. Yollar o qədər uzaq oldu, o qədər pərən-pərən olduq, o qədər itib-batdıq ki, Bakıdan Bakıya səni tapıb dərdinə şərik ola bilmədik. Bilirəm, o dünyada bizdən də şikayət edəcəksiniz. Haqlısınız... Bizi bağışlama. Sənlə eyni Cənnəti bölüşmək üçün gərək 29 dəfə həccə gedənlər qədər həyasız olasan... Bizdə o üz, o sifət yoxdur.
Nüsrət Kəsəmənlinin bir şeiri ilə sizə vida deyirəm, ey Məhəmməd Hadi ömrü yaşayan miskin alimimiz:
Mənsiz qalacaqdır bu dünya bir gün,
Kiminsə gözünə yaş gələcəkdir.
Mənsiz qalacaqdır bu dünya bir gün,
Bir daş qəmli-qəmli dikələcəkdir.
Dodaqdan gülüştək silinər adım,
Ömür-sonu gələn keçilən yoldur.
Dünya gəlişimdən xəbər tutmadı,
Bəlkə gedişim də xəbərsiz oldu.
Köçüb gedəcəyəm günün birində,
Hicran göyərəcək yerimdə mənim.
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim.
Qara çərçivədən bacaxaq şəklim,
Donuq gözlərimdə daldalanar qəm.
Sinəmdə duyğutək yatar əllərim,
Oyadıb son şeri yaza bilmərəm.
Qara daş doğular, soyuq, mən adda;
Bir qadın hıçqırıb saçını yolar.
Ayrılıb gedərəm tabutum altda
Dörd çiyin görüşər, dörd ürək vurar...
Mənim çarpayımda süküt uyuyar,
Artar bir sakini qəbristanın da.
Bir çiçək kökünü sinəmə qoyar,
Rəngi ləçəklərə keçər qanın da.
Gəlib bu çiçəyi dərənim olmaz,
Bahar göyərdəcək,
Qış solduracaq.
Kiçik bir təpədə çiçəklər hər yaz
Yorulmuş çiynində qəm qaldıracaq.
Köçüb gedəcəyəm dünyadan bir gün,
Bəlkə yüz il sonra,
Bəlkə də sabah.
Bəlkə bir qu kimi çırğınıb bu gün
Nəğmə oxuyuram ölümdən qabaq...
Tural İrfan, MCP sədrinin müəvini
0:28 / 0:48


Sizin reklam burada
Sizin reklam burada