Bu gün səhər evdən çıxanda qızımla anasının kiçik dialoqu oldu. Qızım anasından məktəbə lunch üçün nə qoyduğunu soruşdu. Anası isə “bu gün bufetdən yeyərsən” dedi və gecikdiyimiz üçün lunch box-u hazırlaya bilmədiyinə görə üzr istəyirdi.
İşə gələr-gəlməz qarşıma bir video çıxdı. Baxdım və, açığı, çox təsirləndim. Bu gün bir çox uşaq üçün lunch box-u məktəbə aparmaq və ya bufetdə nahar etmək sıradan bir hadisədir. Ancaq bilirəm ki, elə ailələr var, bu lunch box-u doldurmaq onlar üçün ciddi bir sınaqdır. “Nə qoyağ və necə qoyağ ki, uşağın üzü gülsün, ailə büdcəsinə də yük olmasın?” fikri ilə yaşayırlar.
Bizlər müstəqillik illərinin ilk şagirdləriyik. 1994-cü ildə Gəncədə məktəbə başlayanda sinifimiz soyuq, partalarımızın istismar müddəti bitmişdi, məktəbin binası dağınıq vəziyyətdə idi, normal elektrik enerjisi də yox idi. Çətinliklə təhsil aldıq və ayaqlarımız üzərində dayandıq.
Azərbaycan bizimlə, biz də Azərbaycanla birlikdə böyüdük!!! Bu gün mənim təhsil aldığım məktəb gözəl təmir edilib, qışda istilik sistemi var, 7/24 elektrik enerjisi ilə təchiz olunub. Bir çox məktəb artıq tam müasir standartlarla şagirdlərin xidmətindədir.
Bununla belə, bu gün məktəblərdə elə şagirdlər var ki, valideynləri onları böyük çətinliklə məktəbə göndərir, həyata tutunmaları üçün çalışırlar. Bu ailələrin də övladlarının sağlam qidalanmaq, dostları ilə birlikdə nahar etmək hüququ var. Sinifdə bir uşağın belə yoldaşlarından kənarda qalması həmin uşağa ağır psixoloji təsir göstərir. Azərbaycan məktəblərində, ən azı gündə bir dəfə, aztəminatlı ailələrdən olan uşaqların qidalanmasını təşkil etmək mümkündür. Bunun üçün dövlətin və aidiyyəti qurumların resursları mövcuddur. Misal üçün yerli istehsal məhsullardan 5 günlük vahid menyu təşkil edib və uşaqları sevindirmək olar.