İslam bankçılığına kimlər müraciət edə bilər? - İqtisadçıdan AÇIQLAMA

İslam bankçılığına kimlər müraciət edə bilər? - İqtisadçıdan AÇIQLAMA
15:26
Burada şəxslə əlaqədə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Sadəcə, məhsul kimə uyğundursa, onlar bundan faydalanacaq. Yəni, necə ki, mağazada məhsul qoyulur və kim almaq istəyirsə, yaxınlaşıb alır, bu da elə eyni prinsiplə işləyəcək.

Amma, əlbəttə, bankın müəyyən meyarları olacaq və yalnız həmin meyarlara cavab verən şəxslər bu məhsuldan yararlana biləcəklər. Bu meyarlar şəxsin dini baxışı ilə yox, daha çox maliyyə vəziyyəti ilə bağlı olacaq.

İqtisadçı Xalid Kərimli News365.az-a açıqlamasında bildirib ki, İslam bankçılığında faiz anlayışı olmadığından, banklar qazancı müştəri ilə bölüşdürmə prinsipi ilə çalışacaq:

“Burada söhbət ondan getmir ki, İslam bankçılığında bank qazanc əldə etməyəcək. Sadəcə, qazancın adı faiz yox, bölüşdürülən gəlir və ya micara gəliri olacaq. Bank istənilən halda qazanacaq, çünki bank qazanc əldə etməsə, heç bir layihəyə vəsait yatırmaz. Faiz kreditlərində gəlir sabitdir, amma İslam bankçılığında gəlir oynaq olacaq. Buna görə risk də, gəlir gözləntisi də daha yüksək olacaq.”

Ekspert əlavə edib ki, bu layihənin iki əsas məqsədi var:

“Birincisi, dini baxışlarına görə bank sektorundan kənarda qalan insanların cəlb olunmasıdır. İkincisi isə İslam ölkələri ilə maliyyə əlaqələrinin genişləndirilməsidir. Bu, həm bankların kapitalının artırılmasına, həm də bazarda diversifikasiyaya gətirib çıxaracaq.”

Xalid Kərimli bildirib ki, bu sistemdə kredit götürənlər üçün daha az ödəniş və ya güzəşt olmayacaq:

“Sadəcə, gəlir və risk paylaşılır. Adı faiz olmayacaq, amma bankla müştəri qazancı bölüşəcək. Risk yüksək olduqca gəlir də çox olacaq.”

Sizin reklam burada
Sizin reklam burada