“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən AÇIQLAMA

“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” — Tolikdən AÇIQLAMA
11:59

Son illər Azərbaycanda xarici ulduzların konsertlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb.

Dünyaca məşhur sənətçilər minlərlə tamaşaçını bir araya gətirərək böyük salonları doldurduqları halda, yerli ifaçıların beynəlxalq musiqi bazarında eyni uğuru qazana bilməməsi tez-tez müzakirə olunur.

Bəs bunun səbəbi nədir? Niyə xarici müğənnilər Azərbaycanda geniş auditoriya toplaya bildiyi halda, azərbaycanlı sənətçilər xaricdə böyük konsertlər verməkdə çətinlik çəkirlər?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan aparıcı-prodüser Tarix Əliyev (Tolik) bildirib ki, biz dünya ulduzları yetişdirə bilmirik:

“Düzdür, bizim də tanınmış ifaçılarımız çoxdur. Müğənni Roza Zərgərli bu gün qlobal arenada xeyli tanınır. Güclü fanat kütləsi var. Bu yaxınlarda Amerikada konsert proqramı ilə çıxış etdi.

Orada iştirak edənlərin çoxu azərbaycanlılar idi. Çünki Roza bu gün Qazaxıstan, Özbəkistan kimi ölkələrdə daha çox tanınır, nəinki Amerikada. Bizim müğənnilərimiz çox olsa da, digər ölkələrdə çox tanınmırlar.

Şəbnəmi, Vəfası və digərləri konsert versələr, uzağı 500-1000 nəfərlik yer doldururlar. Ancaq türk müğənniləri gəlib Bakıda konsert versələr, bütün zalı doldururlar. Çünki xalqımız onları sevir. Sibel Can Bakıya gələndə 4 minlik salonu başdan-başa doldurmuşdu.

Bizim ifaçılar daha çox Mədəniyyət Nazirliyinin xaricdə təşkil etdiyi səfərlərdə iştirak edirlər və ya toylara gedirlər. Özlərini başqa formada çox da tanıda bilmirlər”.

T. Əliyev qeyd edib ki, bizdə konsert yox, yalnız toy bazarı var:

“Əzizə Mustafazadə xaricdə konsertlər verəndə əminəm ki, orada xarici ölkə vətəndaşları daha çox iştirak edirlər. Bəlkə də bunun əsas səbəblərindən biri odur ki, bizdə konsert mədəniyyəti o qədər də inkişaf etməyib. Müğənnilərimizin çoxu Rusiyada tanınır, o da toy biznesi ilə. Əslində, belə baxanda o qədər toylarda iştirak edirlər ki, heç konsertlərə ehtiyac olmur. Cennifer Lopez haradasa konsert versə, bütün ölkələrdən ora adamlar gedir. Bizdə hələlik o səviyyədə müğənni yoxdur.

Düşünürəm ki, bu məsələdə dövlətin də marağı olmalıdır, amma bu gün o qədər vacib işlər var ki, konsert məsələləri ikinci planda qalır. Hansısa müğənninin dünya səviyyəsində reklamı aparılmır. Bu gün heç Avroviziya yarışmasında da yer tuta bilmirik. Çünki dövlətin bu məsələyə marağı yoxdur.

Müğənnilərimiz də elə bir büdcəyə malik deyillər ki, bu gün gedib hansısa məşhur dünya prodakşnları ilə müqavilə bağlasınlar. Bizdə yalnız toy bazarı var. Aygün Kazımova, Röya Ayxan, Səmra Rəhimli kimi xarici səviyyədə oxuyan müğənnilərimiz var, lakin onlar da yalnız ölkə səviyyəsində konsert proqramları ilə çıxış edirlər”.


Sizin reklam burada
Sizin reklam burada