"Zaman onun da belini əydi. Vaxt onu da taqətdən saldı. İllər ən qüdrətli səslərdən birini də susdurdu. Bu gün onun görüntüsünə baxanda adamı qəhər boğur. O, güclə yeriyir. Hər addımında Maksim Qalkin ona dayaq olur"
Bu fikirləri tanınmış rejissor Nadir Diridağlı yazıb.
O, əlavə edib ki, bir vaxtlar minlərlə insanı ayağa qaldıran əfsanə indi ayaqda qalmaq üçün kiminsə qoluna söykənir...Deyirlər, insanı illər qocaltmır:
"Bəzən yaşadıqları, çəkdikləri ağrılar, verdiyi qərarlar qocaldır...Alla Puqaçova təkcə böyük müğənni deyildi. O, ləyaqətini satmayan, güc qarşısında əyilməyən nadir sənətkarlardandır. Putin Ukraynaya müharibəyə başlayanda susmadı. Etiraz etdi, səsini ucaltdı, haqsız olduğunu dedi, Ukraynlara qahmar çıxdı. Bunun bədəli isə çox ağır oldu. Ailəsi təzyiqlərlə üzləşdi, övladları hədəfə çevrildi. Amma o, geri çəkilmədi. Doğma ölkəsini tərk etdi. Çünki bəzən ən böyük cəsarət döyüş meydanında deyil, doğma yurdundan ayrılıb vicdanınla yaşamağı seçməkdir... Puqaçova həm də mənim gəncliyimin ən parlaq xatirələrindən biridir.Tələbəlik illərimizin ən gözəl günləri onun mahnılarının sədaları altında keçdi. Onun səsi ilə sevinir, onun səsi ilə kövrəlirdik. O səs, o enerji, o səhnə hökmü hər şeyin fövqündə idi. Elə bilirdik ki, bu qadın heç vaxt qocalmayacaq. Elə bilirdik ki, onun səsi kimi özü də zamana qalib gələcək.Amma zaman hamını məğlub edir.Bu gün ona baxanda adam istər - istəməz kövrəlir. Deyəsən, ömrün son payızı artıq gəlib. Qarşıda nə qədər yolu qaldığını heç kim bilmir. Amma bir həqiqət dəyişməyəcək: bir dövrün simvoluna çevrilmiş o səs hələ uzun illər yaşayacaq. Çünki bədən yorulur, saçlar ağarır, addımlar ağırlaşır. Zaman insanın belini əyir. Amma ləyaqəti əyməyə, böyük sənəti qocaltmağa onun gücü çatmır...."
News365.az