Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.
News365.az Teleqraf-a istinadən xəbər verir ki, jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib.
Biri oğlan, biri qız olmaqla iki uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən beş nəfər kişiyə hücum edərək uşaqları qaçırıb.
Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib.
Bildirilib ki, hadisə ilə bağlı iki qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayəti törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür.
Teleqraf-ın əldə etdiyi məlumata görə, uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının birindən elektron yerdəyişmə ilə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağı qaçırmaq istəyib, məktəb rəhbərliyi işə müdaxilə edib, mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb.
Digər bir məlumata görə, qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynləri arasında münaqişə var. İddiaya görə, saxlanılan digər qadın da həmin uşağın anasıdır.