Məlum olduğu kimi, son günlərdə Bakı Qızlar Universitetinin (BQU) bağlanacağı ilə bağlı xəbərlər yayılıb.
Sözügedən xəbərlərlə bağlı BQU açıqlama yayıb.
“Sosial şəbəkələrdə Bakı Qızlar Universiteti ilə bağlı müxtəlif məlumatlar yayılır. Universitetlə bağlı yayılan informasiyalarla əlaqədar bildiririk ki, rəsmi xarakter daşıyan hər hansı məlumat yalnız aidiyyəti dövlət qurumları və universitetin rəsmi informasiya resursları vasitəsilə ictimaiyyətə təqdim ediləcək”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.
Proqram akkreditasiyası üzrə “İbtidai sinif müəllimliyi” ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb. Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.
“Məktəbəqədər təhsil” ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da “uyğun deyil” nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.