Sumqayıtda bina niyə işıqsız qalıb? SOCAR Downstream-dan rəsmi cavab

Sumqayıtda bina niyə işıqsız qalıb? SOCAR Downstream-dan rəsmi cavab
01 Sen 2026 15:54

News365.az məsələ ilə bağlı “SOCAR Downstream” MMC-yə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Bakı–Quba yolunun 37-ci kilometrliyində, “Azərikimya” İB-nin torpaq sahəsində 1966-cı ildə inşa edilmiş binanın tavan konstruksiyasının fiziki köhnəlməsi səbəbindən infrastruktur istismara tam yararsız vəziyyətə düşüb.

“SOCAR Downstream” MMC-nin cavabında qeyd olunub ki, bu səbəbdən binada müvəqqəti yerləşmiş FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 23 saylı Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası binadan köçürülərək digər əraziyə yerləşdirilib.

Qurumun məlumatına görə, binanın bir hissəsində qeyri-qanuni məskunlaşmış vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların ərazidən köçürülməsi üçün 29 iyul 2026-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciətlər göndərilib.

“SOCAR Downstream” MMC bildirib ki, insanların həyat və sağlamlığının qorunması və təhlükəsizlik tələblərinə riayət olunması qurum üçün prioritetdir.

Qurumun açıqlamasına görə, binanın istismar və istifadəyə tam yararsız vəziyyətdə olması orada məskunlaşan insanların həyatını ciddi təhlükə altına qoyur. Bu səbəbdən 30 iyul 2026-cı il tarixindən etibarən binaya qaz, elektrik enerjisi və suyun verilməsi dayandırılıb.

***
Sumqayıtda bir bina sakinləri artıq 15 gündür qaranlıqda yaşamağa məcbur qalıb. Sakinlərin sözlərinə görə, uzun illərdir Fövqəladə Hallar sistemində çalışmış ailələrin və Birinci Qarabağ müharibəsi iştirakçılarının yaşadığı binada elektrik enerjisi kəsilib. İddialara görə, işığın kəsilməsindən sonra sakinlərin probleminə indiyədək heç bir aidiyyəti qurum müdaxilə etməyib.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan sakinlərdən biri News365.az-a müraciət edərək elektrik enerjisinin kəsilməsi ilə bağlı şikayətini bildirib.

Sakin Kənan Mütəllimzadə Vaqif oğlu bildirib ki, ailəsi uzun illərdir sözügedən binada yaşayır. Onun sözlərinə görə, atası vaxtilə Oğuzda yanğınsöndürmə xidmətinin rəisi işləyib, daha sonra Balakənə, ardınca isə Göyçaya təyinat alıb və həmin rayonlarda ailəyə yaşayış üçün ev verilib.

Kənan Mütəllimzadənin sözlərinə görə, atasının Sumqayıta təyinat almasından sonra isə həmin sistemdə dəyişikliklər baş verib və ailəyə yaşayış sahəsi ayrılmayıb:

“Bizi 1997-ci ildə bu binada yerləşdirdilər. Atam Rza burada qeydiyyatda olub və burada işləyib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Bu binada yaşayanların əksəriyyəti vaxtilə Fövqəladə Hallar sistemində çalışıb, Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Hazırda çoxu təqaüddədir. Sakinlərin bir qismi 1980-1981-ci illərdən burada yaşayır və qeydiyyatları da bu ünvandadır”.

Sakin iddia edir ki, binanın yerləşdiyi ərazi zavod ərazisi hesab edilmir. Onun sözlərinə görə, zavod 1966-cı ildə tikilsə də, bina zavodun ərazisindən kənarda yerləşir və yalnız binanın SOCAR-a məxsus olduğu bildirilir.

Şikayətçinin sözlərinə görə, təxminən 15 gün əvvəl binanın elektrik enerjisi kəsilib və sakinlər həmin vaxtdan işıqsız vəziyyətdə qalıblar:

“15 gün bundan qabaq gəlib işığımızı kəsiblər. 15 gündür işıqsızıq. Nə gələn var, nə gedən, nə də maraqlanan. Vəziyyət çox acınacaqlıdır”.

Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə edərək elektrik enerjisinin bərpa olunmasını və problemin səbəbinə aydınlıq gətirilməsini xahiş edirlər.


News365.az


Sizin reklam burada
Sizin reklam burada