Azərbaycandan 17 yaşında ayrıldı: Zeynəb Allahverdiyeva nüfuzlu universitetlərdən imtina edib Mançesteri seçdi.
Zeynəb Allahverdiyeva News365.az-a müsahibəsində xaricdə təhsil yolundan, nüfuzlu universitetlərdən aldığı qəbul təkliflərindən və Azərbaycan Dövlət Proqramına qəbulundan danışıb.
Zeynəb Allahverdiyeva Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin IB proqramının məzunudur. Hazırda Böyük Britaniyanın Manchester Universitetində Biotexnologiya ixtisası üzrə təhsil alan Zeynəb 17 yaşında Azərbaycandan ayrılaraq xaricdə təhsil almaq qərarı verdiyini bildirib.
O, bu qərarın həyatındakı ən mühüm dönüş nöqtələrindən biri olduğunu deyib:
“Bəzən geriyə baxanda düşünürəm ki, insanın həyatını dəyişən anlar məhz ən çox tərəddüd etdiyi anlar olur. Mənim üçün belə anlardan biri 17 yaşımda Azərbaycandan ayrılıb xaricdə təhsil almaq qərarı idi”.
Zeynəb bildirib ki, xaricdə təhsil almaq uzun illər ərzində qarşısına qoyduğu əsas məqsədlərdən biri olub. Göstərdiyi nəticələr sayəsində bir sıra nüfuzlu universitetlərdən qəbul məktubları alıb.
Onun sözlərinə görə, bu universitetlər arasında Imperial College London, King's College London, Edinburgh Universiteti və Illinois Urbana-Champaign Universiteti də olub.
Bir neçə seçim arasında Manchester Universitetini seçən Zeynəb bu qərarın həm çətin, həm də doğru seçim olduğunu vurğulayıb.
“Yeni ölkəyə, yeni təhsil sisteminə və tamamilə fərqli bir mühitə uyğunlaşmaq asan deyildi. Ancaq məhz bu çətinliklər mənə müstəqil olmağı, özümə daha çox inanmağı və qarşıma qoyduğum məqsədlərə daha inamla addımlamağı öyrətdi”, – deyə o qeyd edib.
Dövlət Proqramına qəbul oldu
Zeynəb Allahverdiyeva bu il karyerasında mühüm uğurlardan birinə imza atdığını da bildirib. O, Azərbaycan Respublikasının 2022–2028-ci illəri əhatə edən Dövlət Proqramına qəbul olunub.
Gənc tələbə üçün bu uğur yalnız təqaüd əldə etməkdən ibarət deyil.
“Mənim üçün bu nailiyyət sadəcə təqaüd qazanmaq deyil. Bu, dövlətimin mənə göstərdiyi etimadın göstəricisidir. Düşünürəm ki, Dövlət Proqramının iştirakçısı olmaq həm böyük qürur, həm də böyük məsuliyyətdir”, – deyə Zeynəb bildirib.
O əlavə edib ki, əldə etdiyi bilik və təcrübəni gələcəkdə Azərbaycanın inkişafına yönəltmək əsas məqsədlərindən biridir.
“Bu uğur ilk növbədə valideynlərimə məxsusdur”
Zeynəb Allahverdiyeva əldə etdiyi uğurlarda ailəsinin rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, valideynləri hər zaman ona inanıb və ən çətin anlarında belə dəstəyini əsirgəməyib.
“Onlar 17 yaşlı qızlarının arzularının arxasınca getməsinə imkan yaratdılar və mənə qanad verdilər. Buna görə də bu uğur ilk növbədə onlara məxsusdur. Çünki hər uğurlu insanın arxasında ona qeyd-şərtsiz inanan insanlar dayanır”, – deyə o vurğulayıb.
Zeynəb gələcəkdə öz hekayəsinin daha gözəl səhifələrini yazacağına ümid etdiyini bildirib.
“Mən də öz hekayəmi yazmağa davam edirəm və ümid edirəm ki, bu hekayənin ən gözəl səhifələri hələ qarşıdadır”, – deyə gənc tələbə qeyd edib.