Televiziya aparıcılığı və milli təhlükəsizlik: Tamaşaçının informasiya ehtiyacı

Televiziya aparıcılığı və milli təhlükəsizlik: Tamaşaçının informasiya ehtiyacı
11 Noy 2024 10:15
Orta məktəbdə bizim bir coğrafiya müəlliməmiz vardı – Ofeliya müəllimə! Elə sərt, elə avtoritetli bir müəllim idi ki, sinfə girəndə nəfəsimizi kəsib qulaq asırdıq. Bilirdik ki, bir dəqiqə diqqətsiz olsan, dərhal "Afrikada yerləşən ölkələrin paytaxtlarını sadala!" deyə bir sual ilə qarşılaşacaqsan. Ölkələrin xəritədə harda yerləşdiyini tam bilməsək də, hər ölkənin paytaxtını əzbər bilirdik. Dərsimizin yarısı ölkələrin paytaxtlarını sadalamaqla keçirdi. Sinif olaraq elə bilirdik ki, coğrafiyanı mükəmməl bilirik!
Amma bir gün məktəbə gələndə dedilər ki, yeni bir coğrafiya müəllimimiz var – gənc, enerjili və yenilikçi. Bu xəbəri eşidən kimi sinifdə tam bir şok yaşadıq. Biz Ofeliya müəlliməni istəyirdik! Etiraz etdik və elə bildik ki, səsimizi eşidəcəklər, amma necə deyərlər, "eşitdilər, amma öz yollarını getdilər". Və biz yeni müəllimə ilə coğrafiyanı öyrənməyə başladıq.
Yeni müəllimə gəlib dərslərə başlarkən məlum oldu ki, coğrafiya təkcə ölkələrin paytaxtlarını əzbərləməkdən ibarət deyil. Bu, bir şok idi! Daha doğrusu, elə bil ki, coğrafiya dərsində yer qabığının dəyişməsini özümüz təcrübədən keçirdik. Müəllimə bizə coğrafiya nəzəriyyələrindən, riyazi hesablamalardan danışmağa başlayanda sinifdə “error” yaşadıq. Amma çətinliklərə baxmayaraq, bu dərslər bizə coğrafiyanın əslində nə qədər geniş bir elm olduğunu göstərdi və mən qəbul imtahanında 25 sualdan 23-nə düzgün cavab verərək öz sinif rekordu vurdum.
Bu uzun hekayəni danışmaqda məqsədim coğrafiya bacarıqlarımı nümayiş etdirmək deyil.
Bu gün Azərbaycan efir məkanında ictimai-siyasi veriliş aparıcılarına diqqət çəkmək istəyirəm. Hazırda aparıcılarımız çox ciddi görünsələr də, təəssüf ki, bəziləri sadəcə müəyyən ifadələri əzbərləyərək tamaşaçı qarşısında çıxış edir.
Bəzən elə danışırlar ki, elə bil, rəhmətlik Bjezinski “Böyük Şahmat Taxtası”nı yazanda ona məsləhət veriblər, ya da Fukuyama öz əsərlərini onların köməyi ilə yazıb!
Biz bu dövrdə, xüsusilə, jurnalistikada davamlı təhsil və mütaliənin vacibliyini anlamalıyıq. Çünki bu sahədə səthi biliklərlə çıxış etmək, tamaşaçını xarici mənbələrə yönəltmək deməkdir. Tamaşaçılar axtardıqları məlumatı burada tapa bilməyəndə, başqa ölkələrin təsirinə düşmək riski artır. Təhlükə isə məhz buradan başlayır!
Biz hazırda təlatümlü bir mərhələdən keçirik. Bu mərhələdə itkilərdən uzaq qalmaq üçün ən önəmli silahlarımız güclü jurnalistika, dəqiq informasiya və etibarlı mediadır. Yoxsa tamaşaçımızı yanlış məlumat dalğasında itirərik.
Aqil Məmmədov, ekspert

Youtube kanalımız

Oxşar xəbərlər