NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis diqqət çəkən açıqlamalar verib. O, Ukraynada davam edən münaqişənin həlli üçün demilitarizasiya zonasının yaradılmasını, Latın Amerikası və Afrikadan toplanacaq Birləşmiş Millətlər Təşkilatına aid (BMT) qüvvələrin bölgəyə göndərilməsini təklif edib. Stavridis həmçinin, Ukraynanın Avropa İttifaqına və NATO-ya qəbulu məsələlərinin bir neçə illik təxirə salınmasını da təklif kimi irəli sürüb.
Stavridis qeyd edib ki, Rusiya Krımı və zəbt etdiyi yeni bölgələri özündə saxlayacaq.
“Növbəti addım döyüşən tərəflərin silahsızlaşdırılmış zona yaratması və bununla da real atəşkəsə nail olmaqdır. Həmin zonada isə məlum qüvvələr patrul xidmətləri aparmalıdırlar. Ora Afrikadan və ya Latın Amerikasından BMT-nin neytral sülhməramlı qüvvələri göndərilə bilər”, - NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı deyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.