Bu gün
Qarabağ səmasında Azərbaycanın siyasi elitasına edilən sui qəsddən 33 il
keçir. Məhz 1991-ci il 20 noyabrda Xocavənd
rayonun Qarakənd kəndinin yaxınlığında, Ağdamın Mərzili kəndi ərazisində
erməni hərbi dəstələri tərəfindən Azərbaycan
hərbi helikopteri vuruldu. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr
yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat
14:42 radələrində vurulub. Həlak olanlar arasında Azərbaycan
Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət
Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət
vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin
müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman
Mirzəyev, Qazaxıstanın Daxili İşlər
nazirinin müavini Saylau Serikov, AzTV-nin jurnalisti Alı Mustafayev və
digər şəxslər vardı. Ümumilikdə bu qəza nəticəsində 22 nəfər həlak olub.
Müəmmalar…
Bakıda o
zaman, 1991-ci ilin 7 noyabrında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və
Ermənistanın həmsədrlərinin görüşü keçirildi. Görüşün səbəbi Qarabağ
münaqişəsi və bu münaqişədə hansı xalqın
sıxışdırıldığı məlum edilməsi idi. Bu səbəbdən də həmsədrlər
razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndinə getsinlər.
1991-ci il
noyabrın 18-də Mixail Qarbaçovun şəxsi köməkçisi Kremldən Bakıya
zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş
edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Qarabağda keçirsin.
Çünki ərazidəki torpaq iddiasında olan erməni millətçilərinin və Moskva nümayəndələrinin
də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda
siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli
idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər
orqanlarından ibarət olmalıydı.
Rayon
komendantı Nikolay Jinkinin müavini, polkovnik Vladimir Kuşnarkin 1991-ci
il noyabrın 18-də tərtib etdiyi və Bakı ilə razılaşdırılmış siyahısına
"Aşanak" kolxozunun Heyvandarlıq Birliyinin sədri Emil Balayan,
Vladimir Kuşnarikin özü, beynəlxalq erməni diasporu (əsasən Fransa və
Kaliforniya erməni kilsələri) tərəfindən maliyyələşdirilən "Krunk" təşkilatının Qarabağdakı ideoloqlarından Oleq Yeseyan,
"Yevkrapa" cəmiyyətinin maliyyə məsələlərinə baxan, onun Livan erməni
diasporu ilə əlaqələndiricisiLronard Petrosyan, zabit Tatavuş Baqramyan və
bir də qərara alınmışdı ki, AXC-nin Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl,
Xocalı, Əsgəran rayon şöbələrinin liderləri və onların Bakı nümayəndəsi daxil
olsun. Məşvərət
lentə alınmalı və respublika televiziyasının "Günün ekranı" xəbərlər
proqramında göstərilməli idi. Saat 13:40 dəqiqədə Ağdam hava limanına
verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər.
Rəsmi Moskva
iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbov hökmən
iştirakını xahiş edir. Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır.
1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq
İsmayılovun rəhbərliyilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli
Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin
rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə
qalır.
Ancaq
1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor
Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan
çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil
edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Ağdamda Təhlükəsizlik
Şurasının səyyar iclası keçirməliydi. Yeni siyahını Ayaz Mütəllibov 1991-ci
il noyabrın 19-u, saat 23:00-da təsdiqləyir. Siyahıdakıların bəzilərinə
hazırlıq üçün telefon zəngləri olunur. Dağlıq Qarabağa gedəcək adamların
siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və
Moskvaya göndərilir.
Qəza anı…
1991-ci il
noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki
helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Mİ-8 N69
helikopteri əsas helikopter olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan
döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və
kapitan Pyotr Babuçkin idarə etməliydi. İkinci
helikopter — Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma necə olursa ikinci
helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin
yerinə havaya qalxır.
Bəzi
araşdırmalarda göstərilir ki, 1991-ci ilin noyabrın 20-də helikopteri idarə edən
26 saylı Mİ-8 helikopterini idarə edən kapitan Gennadi Domov adlı pilot 1984-cü
il martın 26-da Əfqanıstanın Cəlalabad "İslam cəmiyyəti"-nin Mömin
Camalxanın dəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə
vurularaq öldürülüb.
Həmin ərəfədə Gülablı
vəYenikənd istiqamətlərində hərbi maşınlarda qurulmuş (M-16–26 və MS-22–22
nömrəli) və Ağdam, Xocalı hava limanlarının uçuş və enmə zolaqlarını nəzarətə
götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə
uçan Mİ-8 N72 helikopterin rabitə əlaqələri kəsilir. Qırılmış rabitə ilə bağlı
ilkin məlumatlar Xocavənd istiqamətində ötürülür, lakin törədilən faciə
haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilir. Ağdam, Xankəndi və
Xocavənd hərbi birləşmələrinin komandanlığı susurdu.
Hesablamalara
görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri
1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat
Prezident Aparatına saat 19:55-də çatıb, lakin bu faciə haqqında xəbər Xankəndidən
erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər
bölümündə, saat 15:30-da yayımlanmışdı. Həmin gün Yerevan radiosu saat
16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi. Saat 16:40-da
Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.
Məlum hadisədən 33 il keçsə də hələ də
şübhələr və qaranlıq qalan suallar var. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
News365.az