Bakı ilə Təl-Əviv arasında səfir gərginliyi? – TƏHLİL

Bakı ilə Təl-Əviv arasında səfir gərginliyi? – TƏHLİL
09:55

Sosial şəbəkələrdə və bəzi media platformalarında Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağırdığına dair iddialar yayılıb.

News365.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə öz şəxsi hesabında diqqətçəkən analitik paylaşımla çıxış edib.

"İsrailin siyasəti regiondakı sülh prosesinə zərbə vurur"

Politoloq iddia edir ki, rəsmi Təl-Əvivin qondarma “erməni soyqırımı”nı tanımaq istiqamətindəki addımları və Türkiyəyə qarşı yürütdüyü gərginlik siyasəti Bakıda ciddi narahatlıq doğurub:

"İsrail Baş naziri Benyamin Netanyahunun təhriki ilə gündəmə gətirilən bu addımlar təkcə qardaş Türkiyəyə qarşı deyil, həm də birbaşa Azərbaycan-Ermənistan normallaşma prosesinə vurulan ağır zərbədir. Maraqlıdır ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan belə İsrailin bu mövqeyinə dəstək vermədi və məsələni qınadı".

Yaxın Şərqdə Türkiyə faktoru

M. Əsədullazadə qeyd edib ki, rəsmi Ankara heç bir halda İsrail dövlətinin əleyhinə deyil, sadəcə olaraq regiondakı işğalçılıq meyillərinə qarşı çıxır:

"Fələstin, Suriya və Livan Yaxın Şərqin, dolayısı ilə Türkiyənin təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir. Ankara bu regionda sabitlik və rifahın tərəfdarı kimi çıxış etdiyi halda, İsrail hökuməti tamamilə əksini hədəfləyən bir xətt yürüdür. Azərbaycan isə bu mürəkkəb geosiyasi şəraitdə tamamilə balanslaşdırılmış və düzgün siyasət nümayiş etdirir".

News365.az olaraq xatırladırıq ki, sözügedən iddialarla bağlı hələlik Azərbaycanın rəsmi qurumları və Xarici İşlər Nazirliyi (XİN) tərəfindən heç bir rəsmi məlumat və ya təsdiq bəyanatı verilməyib.


Sizin reklam burada
Sizin reklam burada