Tarixi şəxsiyyətlərin fəaliyyətinə obyektiv yanaşmaq, onları dövrün şərtləri və reallıqları çərçivəsində qiymətləndirmək lazımdır.
News365.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan TV365 kanalının efirində deyib.
O bildirib ki, tarixə tarixçinin, tarix fəlsəfəsinin və siyasətçinin yanaşması bir-birindən fərqlənir:
“Tarixə tarixçi yanaşanda həqiqət daha obyektiv şəkildə ortaya çıxır. Siyasətçilərin tarixə yanaşması isə fərqli ola bilər. Məsələn, qondarma erməni soyqırımı məsələsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da vaxtilə bunun tarixçilərin işi olduğunu bildirib. Amma siyasi proseslərdə müəyyən məsələlərin gündəmə gətirilməsi yanaşmaların dəyişməsinə səbəb ola bilər”.
Tural İrfan Səfəvilər və Şah İsmayıl Xətai ilə bağlı müzakirələrdə də obyektivliyin qorunmasının vacib olduğunu vurğulayıb:
“Bu, bizim keçmişimiz və tariximizdir. Buna baxış müxtəlif ola bilər, amma obyektiv olmalıdır. Səfəvi dövləti bir imperiya idi. Həmin dövrdə milli anlayış bugünkü səviyyədə inkişaf etməmişdi. Ona görə də o dövrün dövlətlərini indiki milli dövlət anlayışı ilə qiymətləndirmək düzgün deyil. Səfəvi imperiyasının əsasında dini-teokratik və feodal sistem, eyni zamanda məzhəbçi ideologiya dayanırdı”.
İlahiyyatçı bildirib ki, Şah İsmayıl Xətainin fəaliyyətini qiymətləndirərkən onun dövrünün xüsusiyyətləri nəzərə alınmalıdır.
Onun sözlərinə görə, cəmiyyətdə tarixi şəxsiyyətlərə münasibətdə ifrat yanaşmalar mövcuddur:
“Bizim cəmiyyət kimisə ya birdəfəlik ilahiləşdirmək, ona pərəstiş etmək, ya da şeytan yerinə qoyub təhqir etmək istəyir. Belə yanaşma düzgün deyil. Heç bir dövrdə mütləq kamil hökmdar olmayıb. Bir şəxsiyyətin həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Onu öz dövrünün reallıqları əsasında qiymətləndirmək lazımdır”.
Tural İrfan həmçinin Şah İsmayıl Xətainin ədəbi irsinə də toxunub. O qeyd edib ki, Xətainin adına bağlı olan və Azərbaycan ədəbiyyatında yer alan əsərlər onun tarixi-mədəni irsimizin mühüm hissəsi kimi qəbul edilməsini şərtləndirir.
O, sosial şəbəkələrdə tarixi mövzular ətrafında aparılan müzakirələrdə təhqir və təhdidlərin artmasından narahatlığını ifadə edib:
“Məni çox təəssüf və təəccübə salan məsələ odur ki, bizim cəmiyyətimiz hələ də sağlam müzakirə və mübahisə mədəniyyətinə tam sahib deyil. Hətta elmi dərəcəsi olan alimlərin sosial şəbəkələrdə bir-birini söyməsi, təhqir etməsi, təhdid etməsi, işdən çıxarılmasını tələb etməsi ilə qarşılaşırıq. Belə elmi müzakirə olmaz. Şər, böhtan və iftira heç kimə yaraşmır”.
İlahiyyatçı hesab edir ki, türk dünyasının ortaq tarixindəki mübahisəli məqamlar qarşıdurma deyil, həmrəylik baxımından nəzərdən keçirilməlidir:
“Bu gün Azərbaycan özünü türk dövlətləri ailəsinin bir hissəsi kimi görür. Özbək Əmir Teymuru, Azərbaycan Şah İsmayılı, Türkiyə isə Sultan Səlimi öz tarixi baxımından dəyərləndirə bilər. Amma gəlin onları bir-birinə qarşı qoymayaq, vəhdətə və həmrəyliyə gətirək. Bu gün üçün əhəmiyyətli olan məsələləri, onların fəaliyyətinin müasir dövrə uyğun tərəflərini önə çıxaraq”.
Tural İrfan əlavə edib ki, tarix müqəddəsləşdirilməməlidir:
“Tarix Quran deyil. Tarixi ilahiləşdirmək lazım deyil. Biz keçmişi olduğu kimi öyrənməli, onun müsbət və mənfi tərəflərindən nəticə çıxarmalıyıq. Əsas məsələ bu tarixi mübahisələri gələcək nəsillər üçün qarşıdurma mənbəyinə çevirməməkdir”.