Yüksək təzyiqi olanlar bu 10 məhsuldan uzaq durmalıdır

Yüksək təzyiqi olanlar bu 10 məhsuldan uzaq durmalıdır
11:40

Gündəlik qidalanmada adi seçim kimi görünən bəzi məhsullar arterial təzyiqin yüksəlməsinə, ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Kardioloqlar yüksək təzyiqdən əziyyət çəkən şəxslərə qida rasionunu nəzərdən keçirməyi, xüsusilə duz, şəkər və doymuş yağlarla zəngin məhsulların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.

Yüksək arterial təzyiqə nəzarət yalnız dərman qəbulundan ibarət deyil. Düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi də bu prosesdə mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə, bəzi məhsulların müntəzəm istifadəsi orqanizmdə natriumun artmasına, çəki yığılmasına və ürəyin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Kardioloqların diqqət çəkdiyi 10 məhsul və onların daha sağlam alternativləri bunlardır.

1. Kolbasa, sosiska və digər emal olunmuş ət məhsulları

Bekon, kolbasa, sosiska və hazır ət dilimləri yüksək təzyiqi olanların qida rasionunda mümkün qədər az yer almalıdır.

Kaliforniya Universitetinin Los-Ancelesdəki tibb fakültəsinin dosenti, kardioloq Prita Quptanın sözlərinə görə, bu məhsulların tərkibində çoxlu natrium ola bilər. Natriumun həddindən artıq qəbulu isə arterial təzyiqin yüksəlməsinə səbəb olur.

Bundan başqa, emal olunmuş ət məhsullarının bir çoxu doymuş yağlarla zəngindir. Bu yağlar qanda LDL adlanan, pis xolesterin kimi tanınan xolesterinin səviyyəsini artıra bilər.

Belə məhsulların əvəzinə təzə toyuq əti, balıq, lobya və duz əlavə edilməmiş ətə üstünlük vermək məsləhətdir.

2. Konservləşdirilmiş şorbalar və tərəvəzlər

Konservləşdirilmiş məhsulların uzun müddət saxlanılması üçün onların tərkibinə çox vaxt duz əlavə edilir. Buna görə də yüksək təzyiqi olan şəxslər bu məhsulları alarkən qablaşdırmada göstərilən natrium miqdarına diqqət yetirməlidirlər.

Kardioloq Coanna Kontreras xüsusilə tərəvəz konservlərinin tərkibini yoxlamağı tövsiyə edir.

Dondurulmuş tərəvəzlər isə əksər hallarda daha az natrium ehtiva edir. Şorbanı evdə, duz əlavə edilməmiş bulyonla hazırlamaq da daha yaxşı seçimdir.

3. Pepperonili pizza

Pizza, burger, hot-doq və toyuq qanadları yüksək təzyiqi olan insanlar üçün tez-tez seçilməməli qidalar sırasındadır.

Prita Quptanın sözlərinə görə, pizzanın xəmirində, sousunda, pendirində və üzərinə əlavə edilən emal olunmuş ət məhsullarında natrium ola bilər. Bu məhsulların birlikdə istehlakı orqanizmin qəbul etdiyi duzun miqdarını əhəmiyyətli dərəcədə artıra bilər.

Kardioloq pizzanı evdə hazırlamağı, duzlanmış və hisə verilmiş ət məhsullarından isə mümkün qədər az istifadə etməyi məsləhət görür.

4. Qablaşdırılmış qəlyanaltılar

Kartof çipsləri və digər qablaşdırılmış qəlyanaltılar gündəlik qidalanmada çox vaxt nəzərə alınmayan duz mənbələrindəndir.

Şimal-Qərb Universitetinin Faynberq Tibb Məktəbinin kardiologiya şöbəsinin rəhbəri Klayd Yansi və Prita Qupta bu cür məhsulların yüksək təzyiqi olan şəxslər üçün uyğun seçim olmadığını bildirirlər.

Hətta daha sağlam alternativ kimi təqdim edilən bəzi qəlyanaltılar da yüksək dərəcədə emal olunmuş məhsullar sırasına daxildir.

Mütəxəssislər çipsləri meyvə, tərəvəz və duzsuz çərəzlərlə əvəz etməyi, qablaşdırılmış qəlyanaltıları isə hər gün yeməməyi tövsiyə edirlər.

5. Şəkərli və enerji içkiləri

Şirin qazlı içkilər, şəkərli qəhvə və bəzi idman içkiləri yüksək təzyiqi olan insanlar üçün arzuolunmaz seçimlər hesab edilir.

İdman içkilərinin bəzilərində yüksək miqdarda natrium, bir çox şirin içkidə isə əlavə şəkər olur.

Prita Quptanın sözlərinə görə, şəkərin həddindən artıq qəbulu çəki artımına səbəb ola və arterial təzyiqə nəzarəti çətinləşdirə bilər.

Bu səbəbdən şəkərli içkilərin əvəzinə adi su içmək məsləhətdir.

6. Spirtli içkilər

Spirtli içkilər, o cümlədən şərab arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.

Kardioloq Prita Qupta ürək sağlamlığını qorumaq istəyən şəxslərə spirtli içkilərdən uzaq durmağı tövsiyə edir.

Alkoqolun müntəzəm qəbulu sağlamlıq üçün əlavə risklər yaradır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi də alkoqollu içkiləri birinci qrup kanserogenlərə aid edir.

Mütəxəssislər spirtli içkilərin qəbulunu mümkün qədər azaltmağı və ara-sıra içməyi belə həftəlik vərdişə çevirməməyi məsləhət görürlər.

7. Hazır ədviyyat qarışıqları

Yemək hazırlayarkən vaxta qənaət etmək üçün istifadə edilən hazır ədviyyat qarışıqları da gizli duz mənbəyi ola bilər.

Coanna Kontrerasın sözlərinə görə, insanlar bu məhsulların tərkibindəki natrium miqdarını çox vaxt nəzərə almır və yeməyə əlavə olaraq duz da vururlar.

Kardioloq hazır qarışıqların əvəzinə limon, sarımsaq, qara istiot və müxtəlif göyərtilərdən istifadə etməyi məsləhət görür.

Bu məhsullar yeməyə əlavə duz olmadan da zəngin dad və ətir verir.

8. Ketçup, barbekü və digər hazır souslar

Hazır sousların tərkibində həm şəkər, həm də duz yüksək miqdarda ola bilər.

Ketçup və barbekü sousları ilə yanaşı, salatlarda istifadə edilən hazır sousların da tərkibini yoxlamaq vacibdir.

Coanna Kontrerasın sözlərinə görə, bir çox salat sousunda əhəmiyyətli miqdarda şəkər olur.

Daha sağlam alternativ kimi zeytun yağı, sirkə və istiotdan istifadə etməklə evdə sous hazırlamaq mümkündür.

9. Dondurulmuş hazır yeməklər

Dondurulmuş tərəvəzlər sağlam qidalanmanın bir hissəsi ola bilər. Lakin hazır dondurulmuş yeməklərin tərkibindəki duz miqdarı yüksək ola bilər.

Hətta sağlam qida kimi təqdim edilən bəzi hazır yeməklərdə də natriumun miqdarı gözləniləndən çox olur.

Coanna Kontrerasın sözlərinə görə, belə məhsullarda duzun əsas mənbələrindən biri souslardır.

Mütəxəssis yeməkləri mümkün olduqda təzə məhsullardan evdə hazırlamağı, hazır yemək alarkən isə qablaşdırmada göstərilən natrium miqdarını yoxlamağı tövsiyə edir.

10. Açıq odda və yüksək temperaturda bişirilən ət

Ətin çox yüksək temperaturda və birbaşa alov üzərində bişirilməsi zamanı müəyyən kimyəvi birləşmələr əmələ gələ bilər.

Bəzi araşdırmalarda bu maddələrin arterial təzyiqə mənfi təsir göstərə biləcəyi ehtimalı irəli sürülüb. Lakin onların birbaşa təzyiqi yüksəltdiyini təsdiqləmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Kardioloq Klayd Yansi nitritlərlə bağlı risklərə diqqət çəkərək yüksək temperaturda və açıq alov üzərində bişirmənin mümkün təsirlərini vurğulayıb.

Amerika Ürək Assosiasiyası da qril zamanı birbaşa alovdan və həddindən artıq yüksək temperaturdan çəkinməyi tövsiyə edir.

Yüksək təzyiqi olanlar nə yeməlidir?

Kardioloqların fikrincə, arterial təzyiqin nəzarətdə saxlanılmasında qidalanma mühüm əhəmiyyət daşıyır.

Duzun həddindən artıq qəbulu təzyiqin yüksəlməsinə səbəb ola bilər. Meyvə və tərəvəzlərlə zəngin, balanslaşdırılmış qidalanma isə təzyiqin aşağı salınmasına kömək edə bilər.

Hipertoniyadan əziyyət çəkən şəxslərə kalium, kalsium, maqnezium, qida lifləri və zülalla zəngin məhsulları rasiona daxil etmək tövsiyə olunur.

Bununla yanaşı, düzgün qidalanma həkimin təyin etdiyi müalicəni əvəz etmir. Yüksək təzyiqi olan insanlar göstəricilərini mütəmadi yoxlamalı və həkim tövsiyələrinə əməl etməlidirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada