Dünyanın müxtəlif ölkələrində gənclərin ön sıralarda yer aldığı etiraz aksiyaları yeni siyasi tendensiyaya çevrilir. Nepal və Madaqaskarda hakimiyyət dəyişikliyi ilə nəticələnən proseslərdən sonra Serbiyada tələbələrin siyasi uğuru, indi isə Avropanın bir sıra ölkələrində genişlənən nümayişlər diqqəti yenidən “Z” nəslinə yönəldib. Gənclərin narazılığının arxasında təkcə iqtisadi çətinliklər deyil, həm də siyasi elitalara inamın azalması, korrupsiya, işsizlik və gələcəklə bağlı qeyri-müəyyənlik dayanır.
Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Avropada müşahidə olunan etirazlar ayrı-ayrı ölkələrin daxili problemləri ilə məhdudlaşmır, daha geniş siyasi və sosial dəyişikliklərin əlaməti kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Fransa, Almaniya, İtaliya, Belçika, Albaniya və digər Avropa ölkələrində küçələrə çıxan gənclərin tələbləri fərqli olsa da, onları birləşdirən əsas amil mövcud siyasi və iqtisadi sistemdən narazılıqdır.
Politoloq hesab edir ki, “Z” nəslinin etiraz dalğasının Avropaya yayılması gözlənilən proses idi. Bunun ilkin əlamətləri hələ 2025-ci ildə dünyanın müxtəlif regionlarında müşahidə olunmağa başlamışdı.
Turan Rzayev xatırladıb ki, 2025-ci ilin sentyabrında Nepalda sosial şəbəkələrə girişin məhdudlaşdırılması gənclərin narazılığını daha da artırmış, qısa müddətdə kütləvi hökumət əleyhinə aksiyalara səbəb olmuşdu. Etirazçılar korrupsiyaya, nepotizmə, işsizliyə, iqtisadi bərabərsizliyə və siyasi elitanın cəmiyyətin problemlərinə biganəliyinə qarşı çıxırdılar.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi vəziyyəti daha da gərginləşdirmiş, nəticədə baş nazir KP Şarma Oli istefa verməyə məcbur olmuşdu. Bu hadisə sosial şəbəkələr vasitəsilə təşkilatlanmış gənclərin qısa müddətdə ciddi siyasi qüvvəyə çevrilə biləcəyini nümayiş etdirdi.
Politoloq Madaqaskarda baş verən hadisələri də eyni tendensiyanın davamı kimi qiymətləndirib. O bildirib ki, 2025-ci il sentyabrın 25-də başlayan etirazların ilkin səbəbi elektrik enerjisi və içməli su təchizatındakı problemlər olsa da, narazılıq qısa müddətdə korrupsiya, işsizlik, yüksək yaşayış xərcləri və hakimiyyətin idarəçilik siyasətinə qarşı yönəlib.
Turan Rzayevin diqqətə çatdırdığı digər nümunə Serbiyadır. Onun sözlərinə görə, 2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının dam örtüyünün uçması nəticəsində 16 nəfərin həyatını itirməsi ölkədə geniş ictimai narazılığa səbəb olub. Hadisədən sonra korrupsiya və dövlət qurumlarının məsuliyyəti ilə bağlı suallar tələbə etirazlarının əsas mövzularına çevrilib.
Politoloq qeyd edib ki, 2025-ci ilin əvvəlindən genişlənən aksiyalar Serbiyanın yüzlərlə şəhər və qəsəbəsini əhatə edib. Nümayişçilər məsul şəxslərin cəzalandırılmasını, korrupsiya ilə bağlı sənədlərin açıqlanmasını, dövlət institutlarının hesabatlılığını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Etirazların nəticəsində baş nazir Miloş Vuçeviç də istefa verib.
Rzayevin fikrincə, Serbiyada baş verənlər gənclərin etirazlarının yalnız küçə aksiyaları ilə məhdudlaşmadığını, siyasi proseslərə və seçkilərin nəticələrinə də təsir göstərə biləcəyini ortaya qoyur.
Avropanın digər ölkələrində müşahidə olunan proseslərə toxunan politoloq bildirib ki, Fransada gənclərin əsas narazılıqları arasında təhsil sistemindəki problemlər, yaşayış xərclərinin artması və mənzil əlçatanlığının azalması var. Almaniyada isə sosial təminat, təhsil və səhiyyəyə daha çox vəsait ayrılması tələbləri ilə yanaşı, məcburi hərbi xidmətin yenidən tətbiqinə qarşı etirazlar da gündəmdədir.
İtaliya və Belçikada da oxşar narazılıqların müşahidə olunduğunu deyən ekspert Albaniyada gənclərin korrupsiya, işsizlik və təhsil problemlərinə etiraz etdiklərini vurğulayıb.
Politoloq hesab edir ki, müxtəlif ölkələrdə aksiyaların konkret səbəbləri fərqlənsə də, onların ortaq nöqtəsi siyasi elitaların yeni nəslin gözləntilərinə cavab verə bilməməsidir.
Turan Rzayevin qənaətinə görə, “Z” nəslinin əsas üstünlüklərindən biri ənənəvi siyasi təşkilatlardan və partiyalardan asılı olmadan təşkilatlanmaq imkanlarıdır. Sosial şəbəkələr vasitəsilə məlumatların saniyələr ərzində yayılması, etiraz çağırışlarının qısa müddətdə böyük auditoriyaya çatması müxtəlif ölkələrdəki proseslərin bir-birinə təsirini gücləndirir.
O vurğulayıb ki, Nepal və Madaqaskarda baş verənlər, eləcə də Serbiyada tələbələrin fəallığı digər ölkələrin gəncləri üçün müəyyən mənada nümunəyə çevrilib. Bu təcrübələrin paylaşılması və oxşar etiraz metodlarından istifadə edilməsi artıq yeni siyasi tendensiyanın formalaşdığını göstərir.
Politoloq hesab edir ki, qarşıdakı dövrdə bu proseslərin daha da genişlənməsi mümkündür. Xüsusilə iqtisadi çətinliklərin, korrupsiyanın, sosial bərabərsizliyin və ictimai etimadsızlığın yüksək olduğu ölkələrdə gənclərin etirazları daha ciddi siyasi nəticələrə səbəb ola bilər.
Turan Rzayevin fikrincə, hazırda ayrı-ayrı ölkələrdə baş verən nümayişlərdən daha böyük bir proses – yeni nəslin köhnə siyasi və sosial düzənlə qarşıdurması müşahidə olunur. Bu qarşıdurmanın gələcək nəticələrini indidən dəqiq proqnozlaşdırmaq çətin olsa da, əvvəlki nəsillərin siyasi metodları ilə yeni nəslin gözləntilərini idarə etmək getdikcə mürəkkəbləşir.