Yeniyetmə və gənclərin narkomaniyadan qorunması, onlarda sağlam həyat tərzinin təbliği məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti görüş Qubadlı şəhərində yerləşən Q. İlyasov adına 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
“Narkomaniya ümumbəşəri bəladır” mövzusuna həsr edilən tədbirdə Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, həyatına və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat veriblər.
Görüş zamanı narkomaniyanın ağır fəsadları, bu təhlükəli asılılığın qarşısının alınması yolları və Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə danışılıb.
Tədbirdə məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, narkomaniyanın fəsadlarını əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib.
Belə görüşlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların narkomaniyanın təhlükələri barədə məlumatlılığının artırılmasıdır.