Azərbaycan-Kamboca əlaqələrində yeni mərhələ: İqtisadi əməkdaşlıq genişlənəcək?

Azərbaycan-Kamboca əlaqələrində yeni mərhələ: İqtisadi əməkdaşlıq genişlənəcək?
13:57

Kamboca Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən Azərbaycan və Kamboca arasında 30 ildən artıqdır diplomatik münasibətlər mövcuddur. İkitərəfli əlaqələrin ticarət, sənaye, turizm və təhsil sahələrində inkişaf etdirilməsi üçün yeni imkanların yaranacağı gözlənilir.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında səfərin əhəmiyyətini şərh edib.


O bildirib ki, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində mövcud əlaqələr ikitərəfli münasibətlərin inkişafı üçün zəmin yaradır.

Politoloqun fikrincə, Hun Manetin səfəri gələcəkdə qarşılıqlı təmasların intensivləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına təkan verə bilər.

Səfər zamanı Prezident İlham Əliyev Kamboca ilə Azərbaycan arasında münasibətlərin davamlı xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı Kambocanın sabiq Baş naziri, hazırda Senatın sədri olan Hun Senlə 12 il əvvəl Azərbaycanda keçirdiyi görüşü xatırladaraq iki ölkənin dost və tərəfdaş olduğunu bildirib.

Turan Rzayev qeyd edib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsi aşağı səviyyədə olsa da, iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur.

Prezident İlham Əliyev də mətbuata bəyanatında sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib. Kamboca Baş naziri Hun Manet də kommersiya və ticarət əlaqələrinin hazırda məhdud səviyyədə olduğunu təsdiqləyib.

Politoloqun sözlərinə görə, ölkələr arasındakı coğrafi məsafə və mədəni fərqlər iqtisadi münasibətlərin inkişafına müəyyən təsir göstərsə də, qarşılıqlı maraqlar əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yarada bilər.

Əməkdaşlığın perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir. Prezident İlham Əliyev Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasının vacibliyini vurğulayıb.

Turan Rzayev hesab edir ki, xarici tələbələrin Azərbaycanda təhsil alması təkcə akademik əlaqələrin deyil, həm də xalqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət edə bilər. Xüsusilə Qarabağ Universitetində xarici tələbələr üçün imkanların yaradılması Kamboca ilə gələcək əlaqələrin inkişafına töhfə verə bilər.

Səfər çərçivəsində Prezident İlham Əliyev Kambocaya dəvət olunub. Bu dəvət gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.


Sizin reklam burada
Sizin reklam burada