Ermənistanın “3+3” formatına marağı: Yeni mərhələnin başlanğıcı ola bilərmi?
Son dövrlər Ermənistanın “3+3” formatına real maraq göstərməsi və prosesə aktiv şəkildə qoşulmağa razılıq verməsi Cənubi Qafqazda əməkdaşlıq və sabitlik üçün yeni bir səhifənin açıla biləcəyi ehtimalını gündəmə gətirir. Bu, təkcə Ermənistanın regional əməkdaşlığa açıq olduğunu deyil, həm də Azərbaycanın diplomatik təşəbbüslərinin konkret nəticələr verdiyini nümayiş etdirir.
Mövzu ilə bağlı News365.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Ermənistanın bu formata qoşulması müsbət tendensiyadır və regionda münasibətlərin normallaşması baxımından əhəmiyyətli rol oynaya bilər.
“Regional əməkdaşlıq istənilən halda dövlətlərarası gərginlikləri azaldan, dialoqu təşviq edən amildir. Lakin hesab edirəm ki, Azərbaycanın bu formata yüksək səviyyədə – məsələn, xarici işlər naziri və ya digər rəsmi simalarla – qatılması üçün münasibətlərin tam şəkildə normallaşması, yəni sülh sazişinin imzalanması ön şərtdir,” – deyə politoloq vurğulayıb.
Göyüşlünün fikrincə, sülh sazişinin ümumi prinsipləri üzrə razılaşma olsa da, bəzi əsas detallar – o cümlədən sənədin məhz necə və harada imzalanacağı, həmçinin Minsk qrupu və konstitusiya dəyişiklikləri ilə bağlı məsələlər – hələ də öz həllini tapmayıb. Bu səbəbdən Azərbaycan tərəfinin bu formata daha yüksək səviyyədə qatılması üçün məhz bu məqamların tam aydınlaşması vacibdir.
Eyni zamanda, politoloq qeyd edir ki, Ermənistanın bu təşəbbüsə “bəli” deməsi, Azərbaycan Prezidenti İlham Əliyevin regionda əməkdaşlıq platformaları yaratmaq istiqamətində atdığı uğurlu və strateji addımların təsdiqidir. “Azərbaycan faktiki olaraq Ermənistanı bu prosesə cəlb etməyə nail olub. Bu isə ölkəmizin diplomatik qələbəsidir,” – deyə o əlavə edib.
“3+3” formatı: Region üçün yeni fürsət
Mübariz Göyüşlü hesab edir ki, “3+3” formatı – Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç böyük qonşusu – Türkiyə, İran, Rusiya ilə birgə əməkdaşlığı nəzərdə tutan təşəbbüs – bölgədə sabitlik və iqtisadi inkişaf üçün real mexanizmə çevrilə bilər.
“Bu təşəbbüs ilk növbədə Azərbaycan və Türkiyənin ideyası idi. Gürcüstan istisna olmaqla, digər ölkələrin bu platformaya dəstək verməsi, prosesi sürətləndirməsi, Ermənistanın da növbəti görüşdə iştirak etməyə razı olması ümidverici siqnaldır. Mən hətta bu görüşün Ermənistanda keçirilməsini də müsbət jest kimi qiymətləndirirəm,” – deyə politoloq fikrini tamamlayıb.