Onun sözlərinə görə, bu proseslər müəyyən qruplar daxilində fikir ayrılıqlarını dərinləşdirir, lakin ümumi maraqlar hələ də qalmaqdadır.
Sevil Mikayılova qeyd edib ki, bəzi dairələr, o cümlədən SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) İranın ABŞ-la mümkün razılaşmalarına ehtiyatla yanaşır. Bu mövqe isə əsasən İran rəhbərliyinin uzun illərdir səsləndirdiyi “ABŞ-la əldə edilən razılaşmaların davamlı olmayacağı” fikrinə əsaslanır.
Deputatın sözlərinə görə, buna baxmayaraq, sanksiyaların aradan qaldırılması məsələsi İran daxilində bütün qüvvələr üçün əhəmiyyətlidir. Çünki mövcud sanksiyalar ölkə iqtisadiyyatına ciddi təsir göstərir və bu, vaxtaşırı baş verən sosial etirazlarda da özünü büruzə verir.
O vurğulayıb ki, İran iqtisadiyyatı sanksiyalar şəraitində müəyyən müddət davam gətirə bilsə də, ölkənin real potensialı bundan daha böyükdür. Bu baxımdan, daha geniş bazarlara çıxış əldə etmək Tehran üçün strateji əhəmiyyət daşıyır.
Sevil Mikayılova əlavə edib ki, bəzi iddialara görə, SEPAH alternativ maliyyə mexanizmləri və qeyri-rəsmi kanallar vasitəsilə iqtisadi fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, İran birbaşa beynəlxalq maliyyə sisteminə çıxış imkanları məhdud olduğundan Çin, Yunanıstan və digər ölkələrlə ticarət əlaqələrini dolayı yollarla qurmağa məcbur qalır.