Avropa təhlükəsizlikdə ABŞ-dan asılıdır, Rusiya isə balans amilidir

Avropa təhlükəsizlikdə ABŞ-dan asılıdır, Rusiya isə balans amilidir
21 Apr 2026 10:40

Avropanın və ABŞ-ın geosiyasi münasibətləri və təhlükəsizlik siyasəti ilə bağlı fikirlər səsləndirilib.

News365.az xəbər verir ki, politoloq Tamilla Qulami açıqlamasında Avropa İttifaqının beynəlxalq proseslərdə mövqeyinə toxunub.


O bildirib ki, Fransa Prezidenti Emmanuel Macron tərəfindən İranın suverenliyi və ərazi bütövlüyü ilə bağlı səsləndirilən dəstək bəyanatları Avropa İttifaqının mövqeyini əks etdirir. Ekspert qeyd edib ki, Avropa İttifaqı ölkələri xüsusilə enerji və ticarət baxımından Hörmüz boğazının açıq qalmasında maraqlıdır.

Tamilla Qulami vurğulayıb ki, Avropa İttifaqı uzun illərdir qlobal siyasətdə ayrıca güc mərkəzi kimi çıxış etməyə çalışsa da, təhlükəsizlik məsələlərində əsasən ABŞ-dan asılı vəziyyətdə qalır. Onun sözlərinə görə, NATO daxilində də əsas hərbi və strateji yükün böyük hissəsi ABŞ tərəfindən təmin olunur.

Ekspert əlavə edib ki, ABŞ-ın qlobal siyasətdə dominant mövqeyi Avropanın təhlükəsizlik çərçivəsini formalaşdıran əsas amillərdən biridir. Bununla yanaşı, Vaşinqtonun NATO və Avropa İttifaqına təzyiqləri də mütəmadi şəkildə gündəmdə qalır.

Politoloqun sözlərinə görə, ABŞ müxtəlif regionlarda təsir imkanlarını qorumaq üçün rəqib güc mərkəzlərinin yaranmasının qarşısını almağa çalışır. O qeyd edib ki, Rusiya amili Avropa ilə ABŞ arasında geosiyasi balansda mühüm rol oynayır.

Tamilla Qulami həmçinin Cənubi Qafqaz regionuna da toxunaraq bildirib ki, Avropa İttifaqı müxtəlif ölkələrlə əməkdaşlığı genişləndirməyə çalışsa da, burada da Rusiya amili proseslərə ciddi təsir göstərir.


Sizin reklam burada
Sizin reklam burada