Regionda sürətlə dəyişən hadisələr sülh ümidlərini zəiflədir

Regionda sürətlə dəyişən hadisələr sülh ümidlərini zəiflədir
21 Apr 2026 10:46

Yaxın Şərqdə baş verən son hadisələr regionda vəziyyətin son dərəcə dəyişkən və qeyri-sabit olduğunu bir daha göstərir. Qısa zaman ərzində ard-arda baş verən ziddiyyətli proseslər deeskalasiya ehtimallarını zəiflədir.

News365.az xəbər verir ki, politoloq Sultan Zahidov mövzu ilə bağlı açıqlamasında bildirib ki, hadisələrin inkişaf tempi o qədər sürətlidir ki, bir məlumat tam mənimsənilməmiş artıq yeni və fərqli məzmunlu xəbərlər gündəmə gəlir.


Ekspert qeyd edib ki, cümə günü Livan ilə İsrail arasında 10 günlük atəşkəs razılaşdırılsa da, ertəsi gün İran Xarici İşlər Nazirliyi Hörmüz boğazının açıq olduğunu bəyan edib. Onun sözlərinə görə, bu kimi addımlar ilkin mərhələdə gərginliyin azalacağı ilə bağlı müəyyən ümidlər yaratsa da, sonrakı hadisələr əks mənzərə ortaya qoyur.

Politoloq vurğulayıb ki, həm Donald Trump tərəfindən səsləndirilən təhdidlər, həm də İran rəsmilərinin danışıqlarda iştirak etməyəcəklərinə dair bəyanatları vəziyyətin hələ də eskalasiya mərhələsində qaldığını göstərir. O, həmçinin ABŞ tərəfindən İrana məxsus yük gəmisinin ələ keçirilməsini də gərginliyi artıran amillər sırasında qeyd edib.

Sultan Zahidov bildirib ki, hazırkı şəraitdə deeskalasiyanın qısa müddətdə baş verməsi çətin görünür. Bununla belə, Pakistanın vasitəçilik təşəbbüsləri diqqət çəkir. Onun sözlərinə görə, Pakistan danışıqların ikinci mərhələsinin təşkili üçün fəal səylər göstərir.

Ekspert qeyd edib ki, Pakistanın baş naziri Şahbaz Şərif region ölkələrinə səfərlər edib, eyni zamanda ölkənin təhlükəsizlik sistemində mühüm fiqur hesab olunan Asim Münirin İrana səfəri də diqqətəlayiqdir. O bildirib ki, Münirin səfəri eskalasiyadan sonra İrana həyata keçirilən ilk yüksək səviyyəli xarici səfərlərdən biri hesab olunur.

Politoloqun fikrincə, bu cəhdlər tərəflər arasında etimad yarada biləcək vasitəçinin mövcudluğuna işarə edir və bu, danışıqlar baxımından müsbət hal kimi qiymətləndirilə bilər.


Sizin reklam burada
Sizin reklam burada