Avtomobil nəhəngləri arasında "yarış" bitdi: Qalib hansı şirkət oldu?

Avtomobil nəhəngləri arasında "yarış" bitdi: Qalib hansı şirkət oldu?
10:27

Yaponiyanın "Toyota Motor" şirkəti 2026-cı ilin ilk altı ayının yekunlarına görə dünyanın ən çox avtomobil satan istehsalçısı olub.

Şirkətin açıqladığı məlumatlara əsasən, 1 yanvar–30 iyun tarixlərini əhatə edən dövrdə qlobal bazarda ümumilikdə 5,39 milyon avtomobil satılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az olsa da, "Toyota"nın dünya bazarında lider mövqeyini qoruması üçün kifayət edib.

Beləliklə, şirkət ardıcıl yeddinci dəfə qlobal satışlarda birinci yeri tutub.

"Toyota"nın ən yaxın rəqibi Almaniyanın "Volkswagen AG" şirkəti olub. Konsernin 2026-cı ilin ilk yarısında qlobal avtomobil satışları illik müqayisədə 8,4 faiz azalaraq 4,13 milyon ədəd təşkil edib.

Daxili bazarda "Toyota"nın satışları müsbət dinamika nümayiş etdirib. Şirkətin Yaponiyadakı satışları ilk altı ayda 4,4 faiz artaraq 1,1 milyon avtomobilə çatıb. Bununla yanaşı, xarici bazarlarda satışlar 4,5 faiz azalaraq təxminən 4,3 milyon ədəd olub.

Regional göstəricilərə əsasən, "Toyota"nın ABŞ bazarında satışları illik müqayisədə 0,9 faiz artıb. Əvəzində Çin bazarında satışlar 17,1 faiz, Yaxın Şərq bazarında isə 21,6 faiz azalıb.

Mütəxəssislər bildirirlər ki, qlobal avtomobil bazarında tələbin dəyişməsi, iqtisadi amillər və elektrikli avtomobil seqmentində güclənən rəqabət istehsalçıların satış nəticələrinə təsir göstərməkdə davam edir.

Buna baxmayaraq, "Toyota" geniş model çeşidi və qlobal satış şəbəkəsi sayəsində 2026-cı ilin ilk yarısında da dünya avtomobil bazarında liderliyini qoruyub.


Sizin reklam burada
Sizin reklam burada