Hamiləlikdə hərəkətsizlik təhlükəsi: Həftədə 150 dəqiqə idman nəyi dəyişir?
Hamiləlik dövrünü tamamilə hərəkətsiz, dincələrək keçirmək düşüncəsi artıq geridə qaldı. Müasir tibb təsdiqləyir ki, xüsusi bir tibbi əks-göstəriş yoxdursa, ananın fiziki aktivliyi həm özünün, həm də bətnindəki körpənin sağlamlığı üçün vacibdir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun rəsmi "Instagram" səhifəsindəki canlı yayımda mövzu ilə bağlı mühüm məqamlara toxunub.
Faydalı idman növləri və həftəlik norma
Beynəlxalq tibbi protokollara əsasən, hamilə qadınlara həftə ərzində ən azı 150 dəqiqə müvafiq aerobik fiziki fəaliyyət tövsiyə edilir.
Ən təhlükəsiz seçimlər: Üzgüçülük, pilates və hamiləliyə uyğunlaşdırılmış yoqa.
Qanda şəkərin tənzimlənməsi: Fiziki aktivlik zamanı əzələlər yığılaraq qlükozanı insulindən asılı olmadan hüceyrələrə ötürür.
Diabet riskinin azalması: Bu proses insulin müqavimətini qırır və hamiləlik diabetinin (qestasion diabet) yaranma riskini kəskin şəkildə aşağı salir.
Hərəkətsizliyin görünməyən təhlükəsi: Tromboz
Mama-ginekoloq xüsusilə vurğulayır ki, oturaq həyat tərzi hamilələr üçün ciddi fəsadlar törədə bilər.
Böyüyən uşaqlıq təbii olaraq aşağı ətraflardan ürəyə doğru gedən venoz qan axınına mexaniki təzyiq göstərir. Qadın uzun süre hərəkətsiz qaldıqda bu təzyiq daha da artır, ayaqlarda qan durğunluğu yaranır və nəticədə damarlarda tromboz (qan laxtalanması) kimi həyati təhlükəli problemlərin yaranma riski yüksəlir.