Azərbaycan
Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən dövlət tərəfindən
aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə
bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə həvalə edilib.
Mövzu ilə
bağlı fikirlərini News365.az-la bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif
Nəsirli deyir ki, aqroparklar əslində ilk vaxtlardan Kənd Təsərrüfatı
Nazirliyinin nəzdində yaradılmalı idi:
“Çünki
aqroparklar da kənd təsərrüfatının bir seqmentidir. Lakin bu vaxta qədər
aqroparkların yaradılmasını əsasən İqtisadiyyat Nazirliyi həyata keçirirdi.
Halbuki ölkədə aqrar siyasəti Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. Ona
görə də ölkə başçısının fərmanı ilə aqroparkların yaradılmasının Kənd Təsərrüfatı
Nazirliyinə tapşırılması doğru qərardır”.
Aqropark hərəkatı
necə və nə üçün yaradıldı?
Sualın
cavabı olaraq Akif Nəsirli bildirib ki, aqroparkların yaradılmasında ilk hədəf
o idi ki, ölkənin ərzaq təhlükəsizliyi daxili istehsal hesabına ödənilsin:
“Lakin ötən
10-15 illik təcrübə göstərir ki, bu məqsədə nail olunmayıb. Beləki 20 il əvvəl
ölkəmizə ildə 1,2-1,3 milyon ərzaqlıq buğda idxal edilirdi. Ötən ilsə ölkəyə
2,3 milyon ton buğda idxal edilib. Görünən odur ki, 20 ildə dəyişən bir şey
yoxdur. Halbuki təkcə taxılçılıqla bağlı aqroparkların yaradılmasına və onlar
üçün bərəkətli torpaqlar formalaşdırılmasına dövlət çox böyük maliyyə vəsaiti xərclədi.
Amma bu gün ərzaqlıq buğdaya olan tələbat əsasən idxal hesabına ödənilir.
Diqqət ediləsi digər bir məqam ondan ibarətdir ki, 2015-ci ildən başlayaraq pampıqçılıq prioritetlər sırasına daxil edildi. Hədəf o idi ki, 2022-ci ildə ölkədə 500 min ton pambıq istehsal edilsin. Lakin, bu hədəfə də çatılmadı. Əksinə pambıq əkinləri hesabına örüş sahələri ləğv edildi. Nəticədə heyvandarlıq aybay geri getdi. Təəssüflə deməliyik ki, ötən il Azərbaycan ərzaq məhsullarının idxalına 4 milyard dollardan çox vəsait xərcləyib. Bu da kifayət qədər böyük vəsait və narahatlıq doğuram məqamdır. Azərbaycan kimi tarixi ənənəsi olan aqrar ölkənin idxaldan asılılığa narahatlıq doğurur. Və dövlət başçısının da son qərarı bu problemin həllinə yönəlib. Nəzərə alaq ki, Kənd Təsərrüfatı Nazirliyinin əlində kifayət qədər rıçaqlar var ki, aqrar sektor inkişaf etdirilsin”.
News365.az