"Davamlı peşəkar inkişafla (DİP) əlaqədar 250 kredit balı yığan həkimlər və əczaçılar sertifikasiya imtahanından azad ediləcəklər".
Bunu Milli Məclisin Səhiyyə komitəsində "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Tibb işçilərinin sertifikasiyası prosesi ilə bağlı yenilikləri və mövcud qaydalara təklif olunan müddəaları şərh edən deputat bildirib ki, ölkəmizdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə onların imtahana cəlb olunması ilə sertifikasiyası həyata keçirilir:
"Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya beş ildən bir imtahan yolu ilə, ya da beş il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də qanunun 46-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilir".