Rəşad Dağlı cinayətkardır, yoxsa qəhrəman?- Tolikin hərəkətinə SÖZARDI

Rəşad Dağlı cinayətkardır, yoxsa qəhrəman?- Tolikin hərəkətinə SÖZARDI
14:07

 

Bir neçə gün teleməkanda qəribə hadisə yaşandı. Belə ki, teleaparıcı və prodüser Tarix Əliyev (Tolik) “Space TV”-də yayımlanan "Tarixin bir günü" verilişində hazırda ağır cinayətə görə həbs olan meyxanaçı Rəşad Dağlıya ad günü mərasimi keçirib. Mərasimə Rəşad Dağlının övladları Yusif və Bətül ilə yanaşı onun sənət dostları dəvət olunub.

Verilişin gedişatında Rəşad Dağlının sənət yoluna qısa baxış keçirilib, onun meyxana yaradıcılığı, ədəbi-bədii dünyası və tamaşaçılarla qurduğu dərin əlaqə xüsusi vurğulanıb. Studiyada xüsusi olaraq hazırlanan tort kəsilib, qonaqlar onun haqqında xatirələrini bölüşüb, övladlarına dəstək sözləri ifadə ediblər.

Tarix Əliyev sosial media hesabında da bu doğum günü qeydini izləyiciləri ilə bölüşərək yazıb:

"Ad günün mübarək, şair! İnşallah, tez bir zamanda ad gününü ailənlə, balalarının əhatəsində keçirasan. Sən hər zaman gənclərin, yaşlıların – öz əqidənlə, tərbiyənlə, meyxananla, şeiriyyətinlə – qəlblərində olmusan. Rəşad, 41 yaşın mübarək!"

Təbii ki, bu olay cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə üzərindən bir çox insan bu tədbiri və onun təşkilatçısını- Toliki qınayıb.

Və gec də olsa, Audiovizual Şura məsələyə münasibət bildirib. Və telekanala xəbardarlıq edib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək.

Audiovizual Şuranın qərarı gecikmiş və yumşaq olması teleaparıcı Toliki xeyli cəsarətləndirdi. O özünün sosial şəbəkə hesabında bunları yazıb:

“Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”.

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü qonşusu İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

İstənilən cinayətkar arzulunmaz şəxsdir. Məhz bu cinayətlərinə görə onlar cəmiyyətdən təcrid olunurlar. Və məhkəmə qaydasında cəza alırlar.

Bir vətəndaş olaraq da hər birimizin üzərinə düşən vəzifə odur ki, cinayətkarın islah olunması üçün bu prosesə öz payımızı verək. Bu mənada ağır cinayət törətmiş birisinə milyonların gözü qarşısında doğum törəni keçirtmək, ondan qəhrəman düzəltmək, nümunəvi insan kimi danışmaq həm qanuna, həm də cəmiyyətə hörmətsizlikdir. Kimsə yaxşı sənətkar ola bilər. Amma onun peşəkarlığı törətdiyi hansısa cinayəti ört-basdır etməyə əsas vermir.

Bu mənada Tolik kimilərin efiri özünün piyar yerinə, şəxsi münasibətlrin göstəriş ünvanına çevirməsi yolverilməzdir. Və cəmiyyət  üzvü olaraq hər kəs buna öz etirazını bildirməlidir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada