Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi (əks-kəşfiyyat xidməti) ölkədə fəaliyyət göstərən sağçı-populist “Almaniya üçün Alternativ” (AfD) partiyasını rəsmi olaraq ekstremist təşkilat kimi tanıyıb.
News365.az xəbər verir ki, qurumun açıqlamasında partiyanın azlıqlara, xüsusilə də miqrantlara və müsəlmanlara qarşı ədalətsiz yanaşması bu qərarın əsas səbəbi kimi göstərilib.
“Qaçqınlara və miqrantlara qarşı davamlı təbliğat bu insanlara qarşı cəmiyyətdə mövcud olan xurafatların, nifrət və qorxuların yayılmasına və dərinləşməsinə səbəb olur”, — deyə əks-kəşfiyyatın bəyanatında bildirilir.
Araşdırmalar zamanı məlum olub ki, AfD partiyası müsəlman ölkələrdən Almaniyaya köç etmiş vətəndaşları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi tanımır. İdarə son üç ildə partiya üzvlərinin çıxışlarını, davranışlarını və onların sağçı radikal qruplarla əlaqələrini araşdırıb. Xüsusi diqqət partiyanın son üç əyalət parlamenti (landtaq) seçkilərindəki fəaliyyəti üzərində cəmlənib.
Buna baxmayaraq, partiyanın populyarlığı artmaqda davam edir. Aprel ayının sonunda keçirilmiş rəy sorğusuna görə, AfD 26% dəstəklə Almaniyada ən populyar siyasi qüvvəyə çevrilib. Bu, partiya üçün indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Fevralda keçirilmiş növbədənkənar Bundestaq seçkilərində AfD tarixində ilk dəfə ikinci yerə çıxaraq 20,8% səs toplayıb. Seçkilərdə birinci yeri isə Xristian-Demokrat və Xristian-Sosial İttifaqları bloku qazanıb.