İslamdan əvvəl bütpərəstlik dövründə Kəbədə 365 bütün olduğu qeyd olunur. Müşriklər onları bəzən səfərlərə, savaşa gedəndə aparır, dua edir sonra qaytarıb yerinə qoyurdular. Peyğəmbərlə savaşlarının birində hətta baş büt olan Hubəli də aparmışdılar. Lat, Mənat, Uzza əsas bütlər idi.
Kəbə ətrafında onlara qurbanlar kəsir, dua edir, nəzirlər verirdilər. Bəzi məlumatlara görə büt adı daşıyan şəxslər vaxtilə tanınmış simalar yaxud din təbliğ etmiş mübəlliğlər, əməlisaleh kimsələr
olmuşdu. Onlar öləndən sonra bizimkilər pir düzəltdiyi kimi ərəblər də onların adına büt yonub daşdan ziyarətgahlar təsis etmişdilər.
Amma Qurana görə müşriklər Allahı inkar etmirdilər. Yeri, göyü, aləmi onun xəlq etdiyini qəbul edirdilər. Ancaq bütləri Allaha şərik qərar verir, Allahla aralarında vasitəçi hesab edirdilər. Belə qəbul edirdilər ki, Allah ilə birbaşa rabitəyə girmək, dua etmək olmaz, bütlərə dua etmək, onlardan istəmək lazımdır ki, onlar da Allahdan istəsinlər. Əslində gözləri ilə görüb ağılları kəsirdi ki, onlar adi daş parçalarıdır.
Həmin ənənə İslam gəldikdən təxminən 500 il sonraya qədər aradan getmişdi. Təkallahlılıq bərqərar olmuş, bütlər ləğv edilmiş və insana şah damarından daha yaxın olan Rəbbinə bilavasitə və istənilən məkanda dua etmək imkanı verilmişdi. Amma fərqli inanclara sahib olan xalqların İslama daxil olması və onların öz inanclarının bir hissəsini tərk etməməsi bütpərəstliyi müxtəlif fərqli üsullarda yenidən meydana gətirdi.
Bu dəfə təkcə daşdan bütlər yox, insanlardan, ölülərdən, qəbirlərdən yeni bütlər peyda etdilər, daha doğrusu bəzi şəxsləri bütləşdirdilər. Bunu da İslama bağlamaq, haqq qazandırmaq üçün bəzi ayə və hədisləri yanlış yozub əsaslandırmağa çalışdılar. Allahı bəşəriyyətə yaxınlaşdıran, şah damarından daha yaxın edən Peyğəmbərdən fərqli olaraq Yaradanın obrazını insanlıqdan tam uzaqlaşdırdılar və yeni dövrlərə uyğun İslam çalarlı bütpərəstlik üsulları qondardılar. Dedilər ki, Allah insana şah damarından yaxın olsa da gərək gedib filan qəbrin yanında, filan pirin həyətində, filan torpaqda dua edəsən. Özü də birbaşa Allaha yox, gərək həmin vasitələrə yalvarasan ki, onlar da Allahdan istəsin...
Eynən İslamdan əvvəlki bütpərəstliyin fərqli formasını yenidən dirçəltdilər. Çünki bu olmasa, insanla Allahın arasında bir vasitəçi, büt, pir, şəxs olmasa ruhanilər imtiyaz qazana bilməz, şeyxlik, müqəddəslik, mürşidlik, brahmanlıq, rahiblik əldə edə, qazanc, rütbə əldə edə bilməz. Onlar da olar adi bəndələrdən biri...
Mütləq onlara bir rol, bir görəv vermək lazım idi ki, bu məsələyə "kurs" olsunlar. İndi hətta deyirlər ki, sən Quranı özün oxuyub başa düşə bilməzsən, gərək ağalar, şeyxlər başa düşüb təbliğ etdiyi, dediyi kimi qəbul edəsən...
Bunun adı "İslam bütpərəstliyi" dir. Çünki buddizm və sair dinlərin bütpərəstliyi özündəndir və ümumiyyətlə tək Allahı qəbul etmir. Amma İslam bütpərəstliyi eynən cahiliyyə ərəbləri kimi tək Allahı qəbul edir, lakin ona müxtəlif şəriklər, vasitələr, müavinlər də təyin edir.
Müəyyən tarixi şəxsiyyətləri, din öndərlərini belə etməklə guya ilahiləşdirib ucaltmaq amacı güdürlər. Məsələn, o gün biri yazıb ki, Həzrət Əli bizim rəbbimizdir. Digəri də cavab verib ki, rəbblik ona layiq deyil, Əliyə ondan da uca, daha layiq bir məqam de...
Burada guya məqsəd İmam Əlini ucaltmaqdır. Amma eyni zamanda Allahı alçaltmaqdır. Aciz qələmə verməkdir. Və bəndəni ilahlaşdırmaqdır. Sufi təriqətlərində qövslük deyilən məqam var. Bu qövs sanki tanrı kimi bir şeydir. Deyirlər, dara düşəndə, ruzi lazım olanda dərhal qövsü səsləmək, istimdad etmək lazımdır. Amma şah damarından insana yaxın olan Allahı da sanki ögey durumda təqdim edirlər.
Sələfi adlananlar isə Allaha insana xas sifətlər, xüsusiyyətlər şamil edərək böyük yaradanı darhövsələ, qəddar və ədalətsiz obrazda təqdim edirlər. Ərşin üstündə kürsüyə istiva etmiş iki əli də sağda olan qıvrımsaç, ayağını Cəhənnəmə sallayan, gecə səhərə yaxın dünya səmasına enən bir tanrı təqdim edirlər. Sonra da deyirlər bu belədir, lakin keyfiyyətini bilə bilmərik. Daha nə qaldı ki, keyfiyyətini biləsən. Açıq - aşkar oxşatdın, qaldırdın, endirdin, oturtdun, sonra da deyirsən keyfiyyətini bilmirik...
Quranda özü buyurur ki, Allahın mislində heç bir şey yoxdur. Onun bənzəri yoxdur. Bənzəri olmayan xaliqi necə yaratdığına bənzədirsiniz? Bax bunun özü də ən böyük bütpərəstlikdir. Bütpərəstlik təkcə daşa, qəbrə sitayiş etmək deyil, Allahı insana bənzətmək, ona insana xas sifətlər şamil etmək də bütpərəstlikdir. Hələ Allahın adlarını ona sifət adı ilə şamil edib o sifətlərin Yaradanın zatı ilə bərabər yoxsa ayrı olması haqda da mübahisələrə, ixtilaflara yol açıblar. Bəziləri bu sifətləri Allahın zatı ilə bir, bəziləri isə ayrı hesab edib. Yəni, Allahın xüsusiyyətlərini ayrı bir varlıq kimi qəbul edərək yerdəkilər bəs deyilmiş kimi göydə də şəriklər qərar veriblər.
Halbuki Qurandakı ismlər Allahın sifətləri deyil, adlarıdır. Həşr surəsində Allah "əsmaul husna" gözəl adlardan bəhs edir, sifətlərdən deyil.
Qurana görə isə Allah əzəlidir. Qadir və Alimdir. Həkimdir, Qədimdir, Əbədidir. Bənzəri, misli yoxdur. Demək Quranda deyilən "Səmi" eşidən, "Bəsir" görən adları Allahın bizim anlamağımız üçün istifadə olunan adlarıdır. Əgər sifətlər olsaydı onda insana bənzəmiş olardı. Ona görə ki, insan bir şeyi bilmək üçün gərək eşitsin və görsün. Allah alimdir, əzəli elmi ilə hər şeyi bilir, onda görmədən və eşitmədən də bilə bilir. Amma eşidən və görən adlarını ona sifət, xüsusiyyət kimi şamil etmək o deməkdir ki, Allah bir şeyi bilməsi üçün gərək eşitsin və görsün. Lakin bu küfrdür. Allahın bir şeyi bilməsi üçün o şeyi görmək və eşitməsinə ehtiyac yoxdur. Quranda isə bu adlar insanların qavrama səviyyəsinə görə istifadə edilib.
Allahın məkana, zamana, köməyə, dəstəyə ehtiyacı yoxdur. Qalxıb enməyə qadir olsa da ona ehtiyacı yoxdur. Kainatın fiziki qanunlarına zidd olan bütün hərəkətləri icra etməyə qadirdir. Gözə görünmür və axirət aləminin qanunları məlum olana qədər bu fikidəyik ki, bənzəri olmadığı üçün, bəşəri gözlə görə bilmərik.
Allahın fəaliyyətinin insanların hal və hərəkətlərinə heç bir bənzərliyi də yoxdur. Ümumiyyətlə insan şüuru və ağıl həddi kainatı tam dərk etməkdə aciz olduğu halda onu yaradanı idrak etməkdə ondan daha çox acizdir. Ona görə də Allahı araşdırmaq yox, ona inanmaq lazımdır. Quranda fəlsəfəyə təşviq var, amma kainatı, aləmi oxumaq üçün. Çünki aləmi araşdıran Allahı tapır...
Quranın ilk surəsinin ilk sözü kainatı oxumağı əmr edir, son ayəsində isə deyir, Allaha yaxınlaş və səcdə et!
Tural İrfan, İlahiyyatçı-yazar