Günün əsas xəbərləri sırasında İrəvana səfər edən Azərbaycan nümayəndə heyyətinin görüşləri də yer alır. Belə ki, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirələri təşkil olunub. Xırdalıqlara varmadan və görüşlərdə əsasən hansı məsələlərin müzakirəsi aparılıb kimi təhlillərdən öncə hər iki tərəfin ümumi bir məqsədi var-Sülhə və barışığa nail olmaq.
İllər öncə, hələ işğal dövründə belə bir səfərin və görüşün keçirilməsi yuxu kimi gələrdi. İnanılmaz olardı. Lakin bugünkü reallıq ondan ibarətdir ki, artıq, Ermənistan bir sıra sosial və iqtisadi problemlər məngənəsində çabalayaraq dalana dirəndiyi bir dövrdə anladı ki, onun inkişaf və xilas yolu yalnız Azərbaycan ilə barışıqdan keçir. Azərbaycan bu gün dünyada sülh carçısı kimi çıxış etdiyi kimi, həm də mühüm tranzit marşrutların müəllifi və əsas tərəflərindən biridir. Sözsüz ki, qonşu dövlətin də bu proseslərdə iştirakı yalnız ona yeni imkanlar və inkişaf vəd edir.
30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı düşmənçilik siyasəti hər iki tərəfə iqtisadi cəhətdən böyük zərbə vurub. 20 faiz torpaqlarımız xarabaza çevrilib. Hər cür istismara məruz qalıb. Hayastan Qarabağ və Şərqi Zəngəzur bölgəsi ilə yanaşı Qərbi Azərbaycan ərazilərində olan yurd yerlərimizi də talan edib. Soydaşlarımızı ata-baba ocaqlarından didərgin salıb.
Lakin o da danılmaz faktdır ki, müharibələrədə gərginləşən münasibətlərin sonu bəzi hallarda mülayimləşməyə, sülhə doğru gedir. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ermənistana sülh təklifi edib. Dövlətimiz ötən illər ərzində ərazi bütövlüyünü dinc yolla həll etməyin tərəfdarı olub. Qarşı tərəfə dinc, sakit qonşuluq şəraitində yaşamağı təklif edib. Təəssüflər olsun ki, Ermənistan bunun əksinə olaraq bütün dövrlərdə öləziyən ocağı daha da alovlandırmağa, müharibə şəraiti yaratmağa çalışıb.
Baxmayaraq ki, 2020-cı ildə cəmi 44 gün çəkən Vətən müharibəsi zamanı biabırçı məğlubiyyətə uğradı, yenə də öz çirkin əməllərindən əl çəkmədi. Sonda isə öz ərazi bütövlüyünü təmin etmiş, azad, suveren və müstəqil Azərbaycan dövləti ilə mehriban qonşuluq şəraitində yaşamağa doğru cəht göstərməkdə səylərini artırdı. Anladı ki, nə uzaq Qərbdən düşən kölgələr, nə də dilənçi payı kimi edilən yardım və ianələr onu düşdüyü uçurumdan xilas etməyəcək. Nicat yalnız Azərbaycanla ittifaqdadır. Və bu gün həmin istiqamətdə mühüm addımlar atılır. Yuxarıda da qeyd etdiyimiz kimi uzun illərdən sonra Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistanın “Zvartnots” hava limanına eniş edib. Sözsüz ki, bu kimi səfərlər gələcəkdə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələyə çevriləcək.
Buna kimi Azərbaycan və Ermənistan ekspertləri müxtəlif beynəlxalq layihələr və tədbirlər çərçivəsində vaxtaşırı görüşsələr də, bu günkü reallıq başqa mətləbləri diqtə edir. Edilən səfərlərdə ilk növbədə arzular, ümidlər görüşür. Uzun illərin həsrəti, vüsalı doğma ocaqlara qovuşmağa tələsir.
Bu gün qədim oğuz yurdu İrəvana uçan Azərbaycan təyyarəsi özü ilə xalqın, millətin geridönüş amalını aparır. Közrən ümid və inamları alovlandırır. Bu gün İrəvanda Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Qalib dövləti, xalqı təmsil edir. İki dövlət arasında daimi nifaqa və ədavətə can atan mənfur qüvvələrin gözlərinə ox kimi sancılıb, ürəyinə od salır.
Bir müddət əvvəl Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi ilə bağlı yazdığım “Öz odunda yanan Ermənistan” adlı məqaləmdə bugünkü vəziyyətlə səsləşən belə bir fikir işlətmişdim. “Ermənistan çox yaxşı başa düşür ki, bir gün gələcək Azərbaycan bayrağı qədim yurd yerlərimiz-xanlar yurdu, xaqanlar torpağı olan İrəvanda dalğalanacaq. Gec, tez bu olacaq”. Nəticədə, bəzi ünsürlərin mənə qarşı olan qısqanclıq münasibəti və “aktiv" fəaliyyətləri sayəsində müdiriyyət tərəfindən şiddətli töhmətlə mükafatlandırıldım. Səbəb isə o oldu ki, biz, işğalçı dövlət deyilik. Harasa gedib, bayrağımızı asaq.
Bəli, biz, işğalçı dövlət deyilik. Amma bu, mənim bir vətəndaş kimi arzum və görmək istədiklərim idi ki, bu gün reallığa çevrilib. Və, Azərbaycan bayrağı İrəvanda dalğalanır. Gün gələcək, Böyük Qayıdış planına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur bölgəsi kimi Qərbi Azərbaycan torpaqlarımıza da köç karvanları yola düşəcək. Heç şübhəsiz ki, həmin yurd yerlərimizdə hər qapıda yenə də Azərbaycan bayrağı qürur və əzəmətlə dalğalanacaq.
Ramidə Yaqubqızı